Xalq qazeti saytından verilən məlumata görə, ain.az xəbər verir.
Hələ X əsrdə Böyük İpək yolunun üzərində, indiki Biləsuvarın yerində Büveyli əmiri Piləsuvarın saldığı şəhərə onun şərəfinə öz adı verilib. Adın mənası isə “böyük atlı” deməkdir. 3 əsr sonra Hülaki qoşunlarının Azərbaycana hücumu zamanı Elxani hökmdarı Arqun xanın hərbi düşərgəsi burada olub.
Digər bir yozuma görə isə Biləsuvar adı xəzər tayfalarından olan bilər və suvarların yaşadığı yer anlamına gəlir. Biləsuvarın Şəhriyar qala yerinin və buradakı yaşayış məskənlərinin adları da mənbələrdən keçir. Ulu tarixi olan bu məkanda neçə-neçə tarixi və memarlıq abidəsi var.“Şəhriyar qalası”, tunc və dəmir dövrlərinə aid kurqan-təpələr – “Torağay təpə”, “Seyid altı təpə”, “Ceyran təpə”, “Şəhriyar təpə”, orta əsrlərə aid Ağ dam qalası, “Çöl Ağ dam şəhərciyi” və “İçəri Ağ dam yaşayış ərazisi” arxeoloji abidələri bu sıradandır. 1828-ci ildə bağlanan Türkmənçay müqaviləsinə görə, Azərbaycan bölünəndə Culfa, Astara və Biləsuvar da 2 yerə ayrılıb. Biləsuvar qalası Cənubi Qafqazda mühüm hərbi nəzarət məntəqəsinə çevrilib.
Digər Azərbaycan əraziləri kimi, Biləsuvarın da ruslaşdırılması siyasəti XX əsrin əvvəllərində geniş miqyas almağa başlamışdı. O zaman Biləsuvarda mövcud olan 28 kənddən yalnız 6-da – Cürəli, Təzəkənd, Dövrüşlü, Ağalıkənd, Bəydili və Xırmandalıda azərbaycanlılar yaşayırdı. Xüsusilə “Əzizbəyov” adlandırılan kanalın çəkilişindən sonra ətrafda xeyli rus kəndi salınaraq buraya Volqaboyu, Don sahilləri, Krasnodar və Stavropol vilayətlərindən ailələr köçürülüb. Sovet dönəmində hökumət yerli əhalini sərhədboyu zonadan aralamaq adı ilə Azərbaycan kəndlərini indiki ərazilərə məcburi köçürərək Puşkin kəndini rayon mərkəzinə çevirib. Sovetlər dönəmində – 1930-cu ildə burada Biləsuvar rayonu təşkil edilib. 1938-ci ildə Biləsuvar adı dəyişdirilərək Puşkin adlandırılıb. 1963-cü ildə ərazisi Cəlilabad rayonu ilə birləşdirilib, 1964-cü ildən isə yenidən ayrıca rayon olub.
Azərbaycan dövlət müstəqilliyinə qovuşandan sonra diyarın tarixi adı yenidən özünə qaytarılıb. Ötən əsrin sonu–bu əsrin əvvəlləri Biləsuvarın inkişafı dövrü kimi sayılır. Son bir neçə ildə isə qədim diyar, demək olar ki, xeyli “cavan”laşıb. Bizcə, hazırkı abad Biləsuvarın girişində atlı heykəli qoyulsa, yəqin ki, məqsədəuyğun olar. Həm adına görə, həm də at anlayışının qəhrəmanlıq rəmzi, Azərbaycan məişəti və mənəviyyatının ayrılmaz bir hissəsi olduğuna görə.
Biləsuvardan danışarkən Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovu iftixarla xatırlamamaq olmur. 2010-cu ilin yayında o, xidmət elədiyi Tərtər bölgəsinin Çaylı kəndində ermənilərə qarşı təkbaşına saatlarca döyüşüb, çoxlu sayda düşməni məhv edib. Qeyri-bərabər döyüşdə igidliklə həlak olub. Hər il qəhrəmanın dünyaya göz açdığı Əliabad kəndindəki ata ocağında onun doğum və anım günləri təntənə ilə qeyd edilir. Geniş ictimaiyyətin nümayəndələri, gənclər, məktəblilər, Mübarizin ailəsi ilə görüşür, döyüş yolu ilə yaxından tanış olurlar. Qonaqlar burada yaradılan xatirə muzeyini ehtiramla ziyarət edirlər.
Biləsuvarın digər tanınmışlarını da ehtiramla yad edirik. Bir neçə il öncə şəhərinin “Aerodrom” adlanan yaşayış massivinə təbii qaz verilməsi mərasiminə mən də qatılmışdım. Natiqlər çıxış edib sakinlərə təbriklərini çatdırırdılar. Mənsə özlüyümdə bu qəribə ad – “Aerodrom” barədə düşünürdüm. Yadıma Biləsuvarda doğulub boya-başa çatmış unudulmaz yazıçımız Əlibala Hacızadənin “Təyyarə kölgəsi” romanı düşdü. Fikirləşdim ki, bəlkə də onun “təyyarə”si elə bu “Aerodrom”dan havaya qalxıb.
Xəyalım haralara gedib çıxdı!.. Bir vaxt əsərləri böyük tirajla çap olunan Əlibala Hacızadə son müsahibələrinin birində demişdi ki, arabir Biləsuvardakı ata-baba ocağına baş çəkirmiş. Bir gün görür ki, qonşusu orada özü üçün ev tikir. Tanınmış yazıçı nankor qonşuya bir söz deməyib, eləcə əlini təəssüflə yelləyərək, kövrək xatirələrinin ünvanı olan dədə yurdundan birdəfəlik uzaqlaşıb. Doğrudur, sonradan rayon rəhbərliyi ona başqa yerdə ev tikmək üçün sahə ayırıb, amma Əlibala Hacızadənin buna imkanı çatmayıb...
Biləsuvarın şöhrətli oğullarından olan mərhum şair Zamin Mahmudov əyilməzlik mövzusunda qələmə aldığı bir şeirində yazırdı ki, “gözəlliyin önündə insan əyilsin təki”. Bu gün, şəfəqlər içində sayrışan Muğan şəhəri Biləsuvarda insanı əyilməyə, yəni heyranlığını bildirməyə vadar edən gözəlliklər çoxdur.
Mərhum yazıçı-ssenarist, gözəl qələm sahibi olan Əhmədağa Muğanlı da əslən Biləsuvardan idi. Onun “Şəhriyar əfsanəsi” povestində qədim diyarın şərəfli tarixindən, əfsanəyə dönmüş şanlı səhifələrindən söhbət açılır. Əsərin qəhrəmanları doğma elini, vətənini sevən, onun yolunda həyatını, canını əsirgəməyən igid gənclər, cəsur qızlardır. Bu gün Muğanın çiçəklənən bölgəsində onların varisləri, ardıcılları yaşayıb yaradırlar. Dövlətimiz isə inkişafa hər cür qayğı göstərir.
Çağdaş şairlərimiz də gözəl yurdun vəsfini layiqincə qələmə alırlar. Axı, yaradıcı adamların ilkin ilham qaynağı məhz gözəllikdir. Müğənnilər də Biləsuvarı tərənnüm edən nəğmələri böyük həvəslə oxuyurlar. Bu mahnılar hər zaman rayonda keçirilən şənliklərin bəzəyi olub:
İlkimsən, əzəlimsən,Şeirimsən, qəzəlimsən.Qəhrəmanlar obası,Mübarizlər anası,Fəxrim, vüqarım mənim!Biləsuvarım mənim!
Əli NƏCƏFXANLIXQ
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.