RU

PFL-dən “İmişli”yə sirli xəbərdarlıq məktubu: Qubadakı rəzilliklər pərdələnir!

Sizi “İmişli”nin Misli premyer-liqasının 17-ci turunda “Araz-Naxçıvan”a qarşı keçirdiyi oyunda olan biabırçı durumla tanış etmişik.

Xatırladaq ki, oyunun keçirildiyi Quba Olimpiya İdman Kompleksinin stadionunda cəmi 60 tamaşaçı var idi. Media sektoru internetlə təmiş edilməmişdi, masaların üzərində protokol da görmədik. Halbuki hər iki məqam məhz premyer-liqanın Əsasnaməsinin pozulmasıdı. İdman qurğusunun ot örtüyünün rəzil gündə olması öz yerində, konfrans otağındakı durum da ürəkaçan deyildi. Hava şəraitinin həddən artıq soyuq olmasına rəğmən, qızdırıcı sobalardan istifadə edilməməsi bir yana, tavandan su damırdı. Təbii ki, premyer-liqa klubu üçün belə durumun yeganə adı fiaskodu!

İş ondadı ki, klub bu faktlarla barışmaq istəmir. Başqa sözlə, oyunu yerindən izləmək məqsədilə stadiona yollanan media nüayəndələri yalançı çıxarılır. Guya internet də varmış, protokol da, konfrans otağına da su dammır. Necə deyərlər, Qubada güllük-gülüstanlıq olub. Düzdü, bunu deyən klubun mətbuat xidmətinin rəhbəri Leyla Behbudludu. Lakin onun məhz klubun mənafeyini qorumağa çalışdığı gün kimi aydındı. Hər halda, şəxsən mən Qubada başverənlərin şahidiyəm!

Yaxşı, tutaq ki, Qubada hər şey, loru dildə desək, bomba kimidi. Bəs, onda PFL niyə “İmişli”yə xəbərdarlıq məktubu göndərib? Həmin məktubda qeyd olunan iradlar nə ilə bağlıdı? Biz bu sualla PFL-in Media və marketinq direktoru Sənan Abdullayevə müraciət etsək də, müvafiq məlumatların klub tərəfindən açıqlana biləcəyini dedi. “İmişli”də çalışan həmkarımız Leyla xanım isə bu barədə informasiyasının olmadığını (?) dedi.

Görünür, “İmişli” bu boyda premyer-liqanı, media nümayəndələrini, ümumiyyətlə, futbol ictimaiyyətini barmağına dolamaqla məşğuldu. Axı biz hələ ötən ilin iyununda klubun icraçı direktoru Aqşin Mürsəlova “Etmisənsə, qorxma! Qorxursansa, etmə! Etmisənsə, peşman olma!” demişdik. İndi İntizam Komitəsinin cərimələrindən və Qubadan çıxarılmaq təhlükəsindən qorunmaq üçün dondan-dona girmək sizə yaraşırmı?!

KƏNAN BAHADIR

Избранный
9
1
football-plus.az

2Источники