RU

DSX-nın Xüsusi Məktəbinə şagird qəbulu BAŞLAYIR

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin V sinfinə şagirdlərin qəbulu elan edilir. Tədris dili Azərbaycan dilidir.

Dövlət İmtahan Mərkəzindən (DİM) AzEdu.az-a bildirilib ki, qəbul imtahanında 2026-cı il dekabrın 31-dək 10 yaşı tamam olan və 12 yaşı tamam olmayan, qəbul aparılan ildə IV sinifdə təhsil alan, fiziki cəhətdən sağlam Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları iştirak edə bilərlər.

İmtahanda iştirak etmək istəyən namizədlər 2026-cı ilin 16 mart tarixinədək Dövlət İmtahan Mərkəzinin (DİM) rəsmi saytında “Şəxsi kabinet” yaratmalı və pul hesabına 40 AZN əlavə etməlidirlər. Daha sonra dim.gov.az saytının baş səhifəsində yerləşdirilmiş keçid vasitəsilə elektron ərizəni dolduraraq qeydiyyatdan keçməlidirlər. Şagirdlər “Şəxsi kabinet” yaratmaq üçün əvvəlcə təhsil aldıqları orta məktəbə müraciət edərək fərdi məlumatlarının «Şagird-məzun» dövlət elektron məlumat sisteminə daxil edilməsini təmin etməlidirlər. Daxil edilmiş məlumatlarda “imtahana buraxılır” və ya “hazırda təhsil alır” bəndi seçilməlidir. Əks halda elektron qeydiyyat mümkün olmayacaq. Məktəbə xarici ölkə vətəndaşlarının qəbulu dövlətlər arasında bağlanmış müqavilələrə uyğun həyata keçiriləcək.

Qəbul imtahanı DİM tərəfindən test üsulu ilə keçiriləcək. İmtahan 5 aprel 2026-cı il tarixində Bakı şəhərində təşkil olunacaq. İmtahanın keçirilmə yeri qeydiyyat başa çatdıqdan sonra DİM-in saytında elan ediləcək. Namizədlər “İmtahana buraxılış vərəqəsi”ni imtahan gününə 5 gün qalmış DİM-in saytından əldə edə biləcəklər.

Test imtahanı Azərbaycan dilində Azərbaycan dili və Riyaziyyat fənləri üzrə aparılacaq. Hər fənn üzrə 30 qapalı tipli sual təqdim olunacaq və imtahanın müddəti 90 dəqiqədir. Namizədlər imtahana şəxsiyyət vəsiqəsi və İmtahana buraxılış vərəqəsi ilə gəlməlidirlər. Şəxsiyyət vəsiqəsində şəkli olmayanlar təhsil aldıqları məktəbdən IV sinifdə təhsil alması barədə fotoşəkilli arayış təqdim etməlidir. Sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaq.

İmtahanın nəticələri Dövlət Sərhəd Xidmətinə təqdim olunacaq. Yüksək nəticə göstərmiş namizədlər DSX tərəfindən tibbi və digər yoxlamalara cəlb olunacaq. Bütün mərhələləri uğurla keçən və ən yüksək bal toplayan namizədlər Xüsusi Məktəbə qəbul ediləcəklər.

Əlavə məlumat almaq üçün Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinə müraciət etmək olar.

Ünvan: Mərdəkan qəsəbəsi, Ramil Qasımov küçəsi, 5.

Əlaqə telefonu: 012-554-92-44.

Избранный
25
1
azedu.az

2Источники