RU

Azərbaycanda istintaqa İKT sistemlərinə məhkəmə qərarı olmadan baxış səlahiyyəti verilə bilər

Azərbaycanda müstəntiqlərə müəyyən hallarda məhkəmə qərarı olmadan informasiya və kommunikasiya texnologiyaları (İKT) sistemlərinə, elektron verilənlərə və onların saxlanıldığı daşıyıcılara məcburi baxış, axtarış və götürmə aparmaq səlahiyyəti verilə bilər. Bu, Cinayət-Prosessual Məcəlləyə təklif olunan dəyişikliklərdə əksini tapıb.

Məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirə olunan qanun layihəsində yer alıb.

Layihəyə əsasən, cinayətin izlərinin, sübut mənbəyi ola biləcək maddi obyektlərin aşkarlanması və iş üçün əhəmiyyətli halların müəyyən edilməsi məqsədilə müstəntiq İKT sistemlərinə, onların hissələrinə, elektron verilənlərə və daşıyıcılara baxış keçirə biləcək. Baxış zamanı müstəntiq bu materialları müstəqil şəkildə və ya mütəxəssisin iştirakı ilə götürmək hüququna malik olacaq.

Dəyişikliklərə görə, yaşayış, xidməti və ya istehsalat yerində İKT sistemlərinə baxış və onların götürülməsi müvafiq şəxsin dəvəti və ya razılığı ilə həyata keçirilərsə, məhkəmə qərarı tələb olunmayacaq. Lakin xidmət provayderlərində saxlanılan məlumatların (abunəçi, trafik və məzmun verilənləri) məcburi ələ keçirilməsi üçün, bir qayda olaraq, məhkəmə qərarı tələb ediləcək.

Bununla yanaşı, şəxsiyyətə və ya dövlət hakimiyyətinə qarşı ağır və xüsusilə ağır cinayətlər üzrə sübutların gizlədilməsi və ya məhv edilməsi təhlükəsi yarandıqda, müstəntiq məhkəmə qərarı olmadan axtarış və götürmə apara biləcək. Təxirəsalınmaz hallarda isə xidmət provayderlərində saxlanılan məlumatlar da məhkəmə qərarı olmadan ələ keçirilə biləcək.

Qanun layihəsi eyni zamanda cinayət-prosessual qanunvericiliyə bir sıra yeni anlayışların əlavə edilməsini nəzərdə tutur. Bunlara İKT sistemi, elektron verilənlər, xidmət provayderi, trafik verilənləri, abunəçi məlumatları və məzmun verilənləri anlayışları daxildir.

Избранный
16
anews.az

1Источники