Kolombiyada qəzaya uğrayan kiçik təyyarədə Nümayəndələr Palatasının üzvü Diogenes Quintero Amayanın da daxil olduğu 15 nəfər həyatını itirib.
"Cebheinfo.az" xəbər verir ki, Şimali Santander Vətəndaş Təhlükəsizliyi Katibi George Quintero, "Noticias Caracol" televiziya kanalına verdiyi açıqlamada, təyyarənin qalıqlarının La Playa qəsəbəsinə bağlı Kurasica kəndində fermerlər tərəfindən tapıldığını bildirib.
Quintero təyyarədə 13 sərnişin və 2 ekipaj üzvünün həlak olduğunu vurğulayaraq, əraziyə çoxsaylı axtarış-xilasetmə qruplarının göndərildiyini qeyd edib.Şimali Santander qubernatoru Uilliam Villamizar yerli mətbuata açıqlamasında deyib:
“Təəssüf ki, kiçik təyyarənin La Playa qəsəbəsində mühafizə olunan bir ərazinin yuxarı hissəsində tapıldığını bildirməliyik. İlk görüntüləri əldə etdik və sağ qalanın olmadığı anlaşılır. 7 cəsəd tapılıb, digərlərinin aşkarlanması üçün axtarışlar davam edir”.
Həlak olanlar arasında Katatumbo bölgəsində miqrasiya qurbanlarının səsi kimi tanınan Nümayəndələr Palatasının üzvü Diogenes Quintero Amaya da var.
Xatırladaq ki, Kolombiya Dövlət Hava Yollarına məxsus “Satena” şirkətinin istifadə etdiyi “Beech 1900D” tipli təyyarə Şimali Santander bölgəsinə bağlı La Playa de Belen qəsəbəsi yaxınlığında radardan itmişdi.
Məlumata görə, təyyarə Osana şəhərinə uçurdu və normal şəraitdə yerli vaxtla 12:10-da eniş etməli idi.