ABŞ prezidenti İran liderlərinə və nüvə obyektlərinə zərbələr endirməyi planlaşdırır…
Poliqon xəbər verir ki, ABŞ prezidenti Donald Tramp İran liderləri, təhlükəsizlik xidmətləri əməkdaşları, həmçinin nüvə obyektləri və hökumət qurumlarına qarşı hava zərbələri endirmə variantlarını nəzərdən keçirir. CNN mənbələrinə istinadən yazır ki, Trampın gələcək addımlarına inam verən əsas amillərdən biri USS Abraham Lincoln təyyarədaşıyan zərbə qrupunun hazırda Hind okeanında yerləşməsidir.
Telekanalın mənbələri bildirirlər ki, ABŞ-ın hərbi təhdidini artırması iki ölkə arasında danışıqların uğursuz olması ilə bağlıdır. The New York Times məlumat verir ki, İran rəsmiləri ABŞ-ın tam uran zənginləşməsinin dayandırılması, ballistik raketlərin sayı və məsafəsinin məhdudlaşdırılması, həmçinin Yaxın Şərqdə “Həmas”, “Hizbullah” və Yəməndə husi qrupları daxil olmaqla proksi qruplara dəstəyin dayandırılması tələblərini qəbul etməyib.
İranın xarici işlər naziri Abbas Arakçi də danışıqların olmadığını dolayısı ilə təsdiqləyib. O, 28 yanvar brifinqində bildirib ki, ölkəsi ABŞ-la görüş istəməyib və son günlər ərzində ABŞ həmkarı ilə heç bir təmas qurmayıb.
“Diplomatiya hərbi təhdidlər vasitəsilə effektiv ola və nəticə verə bilməz”, deyə Arakçi əlavə edib. O həmçinin vurğulayıb ki, İran silahlı qüvvələri hər hansı aqressiyaya “dərhal və qəti cavab verməyə hazırdır”.
Əvvəlki məlumatlarda qeyd olunub ki, Trampın İran yaxınlığına təyyarədaşıyan zərbə qrupunun göndərilməsi barədə açıqlamalarını Tehran “ABŞ və İsraillə üçüncü faza konflikti”nin başlanğıcı kimi qiymətləndirib.
Poliqon.info