Son bir həftədə ABŞ və Türkiyə liderləri iki dəfə telefon danışıqları aparıblar
Türkiyənin regionda baş verən proseslərə təsiri artmaqdadır. Artıq beynəlxalq birlik bu reallığı qəbul edir. Rəsmi Ankaranın mövqeyi qlobal güclər, o cümlədən ABŞ tərəfindən də etiraf olunur.
Liderlər nələri müzakirə ediblər?
Qeyd edək ki, ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub. Bu barədə Türkiyə Prezident Aparatının Kommunikasiya İdarəsi məlumat yayıb. Bildirilib ki, telefon danışığı zamanı Türkiyə-ABŞ ikitərəfli münasibətləri, Suriyadakı son vəziyyət, Qəzza Sülh Şurasının fəaliyyəti, xüsusilə müdafiə sənayesi sahəsində əlaqələri, eləcə də regional və qlobal məsələlər müzakirə olunub.
Prezident Ərdoğan Türkiyə ilə ABŞ arasında əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində addımlar atılmağa davam ediləcəyini, bütün sahələrdə əlaqələrin genişləndirilməsinin hər iki ölkənin qarşılıqlı maraqlarına uyğun olduğunu bildirib. O, Türkiyənin Suriyada atəşkəsin və inteqrasiya razılaşmasının tam şəkildə həyata keçirilməsinə böyük əhəmiyyət verdiyini vurğulayıb, prosesin ABŞ və Suriya hakimiyyəti ilə koordinasiyalı şəkildə yaxından izlənildiyini qeyd edib. Prezident Ərdoğan, həmçinin Qəzza Sülh Şurasının faydalı fəaliyyət göstərəcəyinə ümid etdiyini, Qəzzada humanitar fəlakətin aradan qaldırılmasının və bölgənin yenidən qurulmasının Yaxın Şərqdə davamlı sülhə töhfə verəcəyinə inandığını bildirib.
Xatırladaq ki, bu, Türkiyə və ABŞ liderlərinin son bir həftə ərzində ikinci telefon danışığıdır. Əvvəlki telefon söhbətində də liderlər Suriyadakı hadisələri, həmçinin İŞİD-ə qarşı mübarizə və Suriyadakı həbsxanalarda saxlanılan İŞİD üzvlərinin vəziyyəti müzakirə edilib. Prezident Ərdoğan qeyd edib ki, inkişaf etmiş, terrordan azad və dinc Suriya bütün regionun sabitliyinə töhfə verəcək. Telefon danışığı zamanı Qəzza məsələsinə də toxunulmuşdu.
Yaxın Şərqdə münaqişələrin həllində Ankaranın rolu...
Bütün bunlar göstərir ki, ABŞ Yaxın Şərqdə mövcud olan münaqişələrin nizamlanmasında Türkiyənin mövqeyinə önəm verir. Nəzərə alaq ki, Suriyanın terrorçulardan təmizlənməsi əməliyyatları zamanı hökumət qüvvələrinə Türkiyə hərbçiləri də yaxından dəstək verir. Bu ölkənin birliyi, həmrəyliyi və ərazi bütövlüyü Türkiyə üçün böyük əhəmiyyət daşıyır. Rəsmi Ankara hesab edir ki, inkişaf etmiş, terrordan azad və dinc Suriya bütün regionun sabitliyinə töhfə verəcək.
Prezident Ərdoğan bəyan edib ki, Suriyada hakimiyyət dəyişikliyi milyonlarla insanın Vətənə qayıtmasına yol açıb. Təkcə Türkiyədən 600 min suriyalı öz evinə geri dönüb. Qonşu ölkə bərpa yoluna qədəm qoyub, iqtisadiyyatı isə qlobal münasibətlər sisteminə yenidən inteqrasiya olunur. Türkiyənin lideri Ankarada xaricdə layihələr həyata keçirən tikinti şirkətlərinin mükafatlandırılması mərasimində çıxışı zamanı bildirib ki, Suriyada baş verən müsbət proseslər regionda terror təhlükəsinin tam aradan qaldırılacağına inamı möhkəmləndirir: “Suriya xalqının resursları artıq terrorçular üçün yeraltı tunellərin qazılmasına sərf edilməyəcək, məktəblərin, xəstəxanaların, çörək zavodlarının, fabriklərin və yolların tikintisinə yönəldiləcək. Suriyanın sərvəti təhsil, səhiyyə və digər sahələrin inkişafı naminə istifadə olunacaq ki, bu da xalqın rifahını artıracaq”.
Rəcəb Tayyib Ərdoğan Suriyada yaşayan etnik kürdlərin vəziyyətinə də diqqət çəkərək xatırladıb ki, Bəşər Əsəd rejimi dövründə onların vətəndaş hüquqları olmayıb. “Bu gün biz Suriya hökuməti ilə sıx əməkdaşlıq şəraitində kürd qardaş və bacılarımızın humanitar yardımın çatdırılması ilə bağlı müraciətlərinə cavab veririk. Suriya hökuməti və şəxsən Prezident Əhməd Əl Şaraa bu məsələdə böyük həssaslıq nümayiş etdirir. Dəməşqdə problemlərin qan tökülmədən həllinə çalışmaqla çox ağıllı hərəkət edirlər. Bu, Türkiyə üçün son dərəcə dəyərlidir”, - deyə Türkiyə Prezidenti qeyd edib.
Məlumdur ki, Türkiyə Pakistan və Səudiyyə Ərəbistanı arasında formalaşan hərbi-müdafiə alyansına qoşulmaq niyyətindədir. Türkiyənin potensial üzvlüyü bu alyansın müdafiə qabiliyyətlərini gücləndirə və ona əlavə geosiyasi təsir göstərə bilər. Ankaranın bu alyansa qoşulması Yaxın Şərq və Cənubi Asiyada yeni təhlükəsizlik balansının formalaşmasına təsir göstərəcək.
Türkiyənin artan hərbi gücü əsas amillərdən biridir
Nəzərə almaq lazımdır ki, Türkiyə NATO-nun ikinci ən böyük ordusuna sahibdir. Digər vacib məqam odur ki, Türkiyə son 20 ildə öz hərbi gücünü əhəmiyyətli dərəcədə artırıb. Bu dövrdə Türkiyə çox sürətlə öz müdafiə sənayesini gücləndirib və ordusunu ən müasir hərbi texnika və atıcı silahlarla təmin edib. Hazırda Türkiyə dünyanın ən böyük pilotsuz uçuş aparatları (PUA) istehsalçısıdır. Ankara bundan sonra da diqqətini pilotsuz döyüş platformalarının işlənib hazırlanmasına yönəldəcək və ölkə üçün istənilən potensial təhdidin qarşısını almaq üçün çoxsəviyyəli “Polad günbəz” hava hücumundan müdafiə sistemi yaradacaq. Artıq uzunmənzilli hava hücumundan müdafiə sistemi olan “Siper Blok-1” Türkiyə Silahlı Qüvvələrinin arsenalına daxil edilib. “Siper Blok-1” ölkənin “Polad Günbəz” (“Çelik Kubbe”) sisteminin yeni elementinə çevrilib. Türkiyə mediası yazır ki, sözügedən sistem ABŞ istehsalı olan “Patriot” və Rusiya istehsalı olan “S-400”-ə bənzərdir.
Bundan başqa, Türkiyə sualtı qayıq layihəsini də uğurla reallaşdırır. Hələ 2015-ci ildə Yeni Tip Sualtı Qayıq Layihəsi çərçivəsində yerlilik göstəricisi yüksək olan “Type-214TN (Reis)” sinfinə məxsus sualtı qayıqların istehsalına başlayan Türkiyə 2017-ci ilin iyun ayında MİLDEN (Milli Sualtı Qayıq) layihəsinə start verib. Layihələndirmə işlərinin başa çatdırılmasından sonra Gölcük Gəmiqayırma Zavodunda ilk gəminin istehsalına başlanması planlaşdırılıb. İlk gəminin 2031-ci ilə qədər tamamlanacağı gözlənilir.
Türkiyə ən yeni nəsil texniki göstəricilərə malik qırıcılar, helikopterlər və avtomobillər də istehsal edir. Türkiyə milli döyüş təyyarəsi “KAAN”-ı istehsal etməklə dünyada 5-ci nəsil qırıcı istehsal edən 5 ölkədən biri sayılır. Xatırladaq ki, Türkiyənin “KAAN” milli hərbi təyyarəsi 2024-cü ilin fevralında ilk uçuşunu uğurla həyata keçirib. Bütün bunlar Türkiyənin hərbi sənayesinin mühüm nailiyyətləridir. Təbii ki, belə güclü hərbi potensiala sahib olan ölkə ilə digər dövlətlər hesablaşmalıdır. Lakin Ankara bu gücü ilə sadəcə öyünmür, dünyada sülh və təhlükəsizliyin təmin olunması təşəbbüslərini davam etdirir. Türkiyənin bir neçə gün öncə Davosda ABŞ liderinin təşəbbüsü ilə yaradılan Sülh Şurasına üzv olması da bu dövlətin nüfuzunun göstəricisidir. Bütün bunların fonunda Trampla Ərdoğanın telefon danışıqlarında aparılan müzakirələr Türkiyənin Yaxın Şərq regionunda daha da güclənəcəyinə dəlalət edir.
Nardar BAYRAMLI