RU

Berlin siqnalı: Sülh artıq xəritədədir – ÖZƏL

"Alman Parlament Cəmiyyətində səslənən fikirlər bir həqiqəti açıq göstərdi: Azərbaycan-Ermənistan sülh prosesi Avropanın siyasi gündəliyinə "mümkün ssenari"dən daha üstün məziyyətlə - "zəruri nəticə" kimi daxil olub. Yəni Berlində deyilən sözlər adi diplomatik nəzakət cümlələri sayılmamalıdır".

Bu fikirləri mövzu ilə bağlı Olaylar.az-a açıqlamasında türkoloq, araşdırmaçı-yazar Əkbər Qoşalı deyib. Türkoloq bildirib ki, bu, önəmli dönüş nöqtəsidir. Almaniyanın bu səviyyədə açıq mövqeyi sülh prosesinə beynəlxalq legitimlik möhürü vurur və onu sadəcə siyasi dəstək olmaqdan çıxarır. Çünki Berlin danışanda Avropa bu danışığı sadəcə dinləmir, onu hesablayır, nəzərə alır, istiqamət götürür. Bax, bu isə sülhü gerçək maraq layihəsi kimi önə çıxır; yəni sülh bir əməli çalışma sahəsi, belə deyək, bir kateqoriya olaraq, romantik bir arzu-dilək iqlimindən çıxmış olur.

Bəs legitimlik haradan başlayır? 

Sülhün legitimliyi, əlbəttə, bəyanatlardan daha artıq, onu müdafiə edən güclərin siyasi çəkisindən doğur. Almaniyanın açıq şəkildə "ötən il əldə olunan nəticələri Avropa tarixində önəmli hadisə" kimi təqdim etməsi, prosesin regional çərçivədən irəli gedərək Avropa təhlükəsizlik arxitekturunun tərkib hissəsinə çevrildiyini göstərir. Belə bir yanaşma sülhü kiminsə uduzduğu-kiminsə udduğu masa oyunu olmaqdan çıxarır, 
beynəlxalq hüquq, iqtisadi maraq və təhlükəsizlik balansı üzərində qurulan davamlı mexanizmə çevirir.

Bəs burada ən vacib məqam nədir? 

Sual ritorik, cavab aydındır: Avropa sülhün pozulmasında yox, məhz qorunmasında maraqlı tərəfə çevrilir. Əlbəttə, maraqlı tərəf varsa, prosesin ömrü də uzun olur. Avropa ona görə Güney Qafqaza baxır ki, Güney Qafqaz artıq "qıraq bölgə" deyil. O, Avropanın enerji təhlükəsizliyi, daşıma-loqistika zənciri, Asiya ilə bağlantı xəritəsi üçün əlçəkilməz qızıl həlqədir. Bundestaq səviyyəsində sülhün Avropa üçün yeni daşımaçılıq və iqtisadi imkanlar açdığı fikrinin səslənməsi təsadüf sayılmamalıdır. Bu, sülhün, belə deyək, xəritədə yol, rels, kabel və ticarət marşrutları ilə oxunduğunu göstərir. Azərbaycan bu fürsətdən, əlbəttə, qazanır. Burada Azərbaycan üçün açılan strateji üstünlüklər zətfi var. Birincisi, tranzitdən qovşağa keçidi vurğulayaq.
Azərbaycan sadəcə keçilən yol yox, yolların idarə olunduğu mərkəz rolunu möhkəmləndirir. Bax, bu, konkret siyasi təsir deməkdir. İkincisi, siyasi kapitalın iqtisadi gəlirlərə çevrilməsi gerçəkliyi var. Sülh prosesində aparıcı rol Bakıya Avropa ilə münasibətlərdə yeni yatırım, ticarət və texnoloji işbirliyi pəncərələri açır. Üçüncüsü, regional qaydaların yazılmasında söz haqqı bizdə olacaq. Yeni Güney Qafqaz gerçəkliyində oyunçulardan daha öndə qaydalar görünür. Azərbaycan isə bu qaydaların formalaşmasında təşəbbüskar mövqedədir. Dördüncüsü, çoxvektorlu siyasətin manevr üstünlüyü danılmazdır.
Avropanın artan marağı Bakının balanslaşdırılmış diplomatiyasını daha çevik edir: işbirliyi var, amma asılılıq yoxdur; tərəfdaşlıq var, amma diktə yoxdur...

"Berlində verilən ismarıcın belə bir sadə oxunuşu var: sülh artıq ehtimaldan daha üstün, məsuliyyət səviyyə və səciyyəsindədir. Almaniyanın açıq dəstəyi bu məsuliyyətə, necə deyərlər, Avropa çəkisi qatır. Azərbaycanın qarşısında isə bu siyasi fürsəti uzunömürlü milli qazanclara çevirmək kimi bir vəzifə dayanır", - deyə araşdırmaçı-yazar əlavə edib.

Dövlətimiz zaval görməsin, bayrağımız uca, sözümüz ötkün olsun!

Lamiyə Cəbrayılova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
3
olaylar.az

1Источники