2026–2027-ci illərdə Yeni Suraxanı–Hövsan, 2026–2028-ci illərdə Bakıxanov–Binə–Qala, 2028–2030-cu illərdə isə Zabrat–Maştağa–Bağlar dəmir yolu xətlərinin bərpası, eləcə də bu xətlər boyunca mövcud stansiyaların bərpası və yeni stansiyaların inşası nəzərdə tutulur.
Hafta.az xəbər verir ki, bu barədə “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın 2025-ci il üzrə icrasına həsr olunan dəyirmi masada çərçivəsində məlumat verilib.
Bildirilir ki, 2025-ci ildə adıçəkilən dəmir yolu xətləri üzrə yol infrastrukturunun təhlili aparılıb, layihələndirmə işlərinə başlanılıb.
“Layihələndirmə işlərinin bəziləri tamamlanıb. Bundan başqa, bərpa olunacaq xətlər boyunca stansiya və dayanacaqlar üzrə optimallaşdırma işləri həyata keçirilib, stansiyaların yerləri müəyyən olunub. Zabrat–Maştağa–Bağlar xəttində Maştağa və Bağlar stansiyaları daxil olmaqla 7, Bakıxanov–Binə–Qala xəttində Binə və Qala stansiyaları daxil olmaqla 7, Yeni Suraxanı–Hövsan xəttində isə ümumilikdə 4 stansiyanın inşası və ya bərpası planlaşdırılır. Bu stansiyalardan 3-ü Hövsan ərazisində yerləşəcək”.
Əlavə edilib ki, Baş Keşlə və Nərimanov stansiyalarına dayanacaq verilməsi, Kürdəxanı, Fatmayı, Saray və Binəqədi dayanacaqlarının yaradılması planlaşdırılır. Dərnəgül dayanacağının tikintisi davam etdirilir.