RU

Tramp: “ABŞ Ukraynadakı münaqişəni həll edə biləcək”

ABŞ Ukraynada davam edən münaqişənin sona çatdırılmasına nail ola bilər.

Editor.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bu fikirləri Fox News telekanalına verdiyi müsahibədə səsləndirib.

“Biz başqa bir münaqişəni – Rusiya ilə Ukrayna arasındakı qarşıdurmanı bitirməyə çalışırıq. Düşünürəm ki, buna nail olacağıq”, – deyə Tramp bildirib.

Yanvarın 26-da Ağ Evin mətbuat katibi Karolin Levitt qeyd edib ki, Donald Tramp Ukraynadakı münaqişənin sülh yolu ilə həll olunması prosesində dərindən iştirak edir. O, ABŞ, Rusiya və Ukrayna nümayəndələri arasında Əbu-Dabidə keçirilən üçtərəfli danışıqları tarixi hadisə kimi qiymətləndirib. Levitt vurğulayıb ki, Tramp Ukrayna münaqişəsinə çıxış yolu tapılacağına dair ümidini itirməyib.

Qeyd edək ki, Rusiya, ABŞ və Ukrayna nümayəndələri arasında iki gün davam edən üçtərəfli danışıqlar yanvarın 24-də Əbu-Dabidə başa çatıb. Görüşdə “tampon zonalar”, “müxtəlif nəzarət mexanizmləri”, eləcə də mümkün sülh sazişinin digər əsas müddəaları müzakirə olunub.

Kremlin yaydığı məlumata görə, Rusiya, ABŞ və Ukrayna arasında münaqişənin həlli məqsədilə aparılan üçtərəfli təmaslar gələn həftə də davam etdiriləcək. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, danışıqların mövcud mərhələsində dostluq mühiti demək olar ki, mümkün deyil.

//Gülnarə Abasova, Editor.az

Избранный
23
editor.az

1Источники