RU

Tanışına 1 bıçaq zərbəsi vurdu, 4 il həbs cəzası aldı

Lənkəran Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Azər Nəbizadənin (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cavanşir Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə Azər Nəbizadə 4 il müddətinə azadlıqdan məhrum edilib.


İstintaq materiallarına əsasən, Azər Nəbizadə Ağcabədi rayonunda baş vermiş mübahisə zamanı tanışı İnqilab Babayevə (soyadı şərtidir) bıçaqla ağır xəsarət yetirməkdə ittiham olunur.


Hadisə 30 avqust 2025-ci il tarixdə, saat 22 radələrində rayonun Hacıbədəlli kəndindəki “Dörd Yol” adlanan ərazidə yerləşən “Yol Üstü” marketin qarşısında qeydə alınıb.


Belə ki, təqsirləndirilən şəxs ilə tanışı olan zərərçəkmiş şəxs arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Mübahisə zamanı Azər əvvəlcədən üzərində gəzdirdiyi, istintaqa və məhkəməyə məlum olmayan bıçaqla İnqilaba qəsdən bir dəfə zərbə endirib. Nəticədə zərərçəkmiş şəxsə döş qəfəsinin sağ yarısının ön səthindən döş boşluğuna keçən, sağ ağciyərin zədələnməsi və 2-ci qabırğanın kəsilməsi ilə müşayiət olunan bir ədəd deşilmiş-kəsilmiş yara yetirilib. Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, həmin xəsarət dərəcəsinə görə həyat üçün təhlükəli olmaqla sağlamlığa ağır zərər vurma kimi qiymətləndirilib.


Cinayət işi üzrə aparılan məhkəmə istintaqı zamanı Azər ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilib.

 

Kamal Məmmədov 

Tarix: 28 Yanvar 2026, 08:55   
Избранный
26
pravda.az

1Источники