RU

Almaniyada 20-dən çox universitet xəstəxanasında tətil keçirilir

Bakı, 28 yanvar, AZƏRTAC

Dövlət sektorunda keçirilən tətilin nəticələri artıq bütün Almaniya üzrə hiss olunur. Ölkənin 20-dən çox universitet xəstəxanasında xəbərdarlıq xarakterli tətillər keçirilir.

AZƏRTAC “Tagesschau” portalına istinadla xəbər verir ki, iqtisadiyyatın digər sahələrində də işlərin dayandırılacağı gözlənilir.

Həmkarlar ittifaqları dövlət sektorunda əməkhaqqı ilə bağlı mövcud mübahisədə təzyiqi artırmaq məqsədilə ümummilli xəbərdarlıq tətilləri keçirirlər. Bu həftə səhiyyə və təhsil müəssisələri də daxil olmaqla müxtəlif sahələrin mərhələli şəkildə bağlanacağı gözlənilir.

Almaniya üzrə 22 universitet xəstəxanasının əməkdaşlarına tətil elan etmək təklif olunub. “ver.di” həmkarlar ittifaqı bəyan edib ki, xəstəxanalardakı tətillər pasiyentlərə xidmət prosesində “ciddi pozuntulara” səbəb olacaq. Bununla belə, təxirəsalınmaz təcili tibbi yardımın göstərilməsi də təmin ediləcək.

“ver.di” çərşənbə günü həm də universitet kampuslarında xəbərdarlıq tətilinə çağırır, belə ki, əməkhaqqının artırılması tələblərinə dəstək məqsədilə universitetlərin və elmi-tədqiqat institutlarının əməkdaşlarının 60-dan çox şəhərdə nümayişlər keçirəcəyi gözlənilir. Bununla əlaqədar Təhsil və Elm İşçiləri Həmkarlar İttifaqı cümə axşamı təhsil sektorunda ümummilli tətil təşkil edəcək. Tətilə uşaq bağçalarının, məktəblərin, universitetlərin və rayon idarələrinin ştat əməkdaşları cəlb olunacaq.

Dekabr ayından bəri dövlət sektorunda əməkhaqqı ilə bağlı danışıqlarda razılaşma perspektivi görünmür. Həmkarlar ittifaqları əməkhaqlarının yeddi faiz artırılmasını, minimum məbləğin isə ayda 300 avro olmasını tələb edirlər. İşəgötürənlər bu tələbi yerinə yetirilməsi mümkün olmayan addım kimi rədd ediblər. Fevralın 11–13-nə planlaşdırılan danışıqların üçüncü raunduna qədər əlavə xəbərdarlıq tətillərinin keçiriləcəyi gözlənilir.

Избранный
72
2
azertag.az

3Источники