RU

Gövhər Baxşəliyeva: “İrəvan xanlığı bölgələrinin xəritələri” üzərində iş davam etdirilir

Bakı, 27 yanvar, AZƏRTAC

Ötən il Azərbaycan Milli Elmlər Akademiyasının İctimai Elmlər Bölməsinin müəssisələrində aparılan tədqiqatlar əsasən, dövlətimizin başçısının “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na, eləcə də “Azərbaycan Respublikasında 2025-ci ilin Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında”, “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”nın təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt Strategiyasının təsdiq edilməsi haqqında”, “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında”, “Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi haqqında”, “Akademik Yusif Məmmədəliyevin 120 illiyinin qeyd edilməsi haqqında”, “Bəxtiyar Vahabzadənin 100 illiyinin qeyd edilməsi haqqında”, “Seyid Əzim Şirvaninin 190 illik yubileyinin qeyd edilməsi haqqında”, “Fətəli xan Xoyskinin 150 illiyinin qeyd edilməsi haqqında”, “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında” və digər sərəncamlarının icrasına istiqamətlənib. Eləcə də, ölkə başçısının Qərbi Azərbaycan və Qafqaz Albaniyası ilə bağlı tapşırıq və tövsiyələrinə uyğun istiqamətdə işlər aparılıb.

AMEA-nın Media və informasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, bu barədə akademiyanın Rəyasət Heyətinin İctimai Elmlər Bölməsinin (İEB) və Gəncə Bölməsinin 2025-ci il üzrə illik hesabatlarının müzakirəsinə həsr olunmuş iclasında məlumat verilib.

Bildirilib ki, İEB-nin Elmi şurasının 2025-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı AMEA-nın vitse-prezidenti v.i.e., sözügedən şuranın sədri akademik Gövhər Baxşəliyeva təqdim edib.

Akademik vurğulayıb ki, 2025-ci ildə İEB-in elmi müəssisələrində 32 problemə aid 87 mövzuya dair 491 tədqiqat işi aparılıb, 72 mövzu, 425 iş tamamlanıb. Bölmənin elmi müəssisələrinin nəşr fəaliyyəti barədə məlumat verən akademik Gövhər Baxşəliyeva bildirib ki, 2025-ci ildə bölmə üzrə 1594 əsər nəşr olunub. Bunlardan 32-si kitab (2-si xaricdə), 66-sı monoqrafiya (16-sı xaricdə) 1078-i məqalə (309-u xaricdə), 389-u tezis (123-ü xaricdə), 5-i dərslik və 25-i dərs vəsaitidir. Bölmə üzrə 39 məqalə isə impakt faktorlu jurnalda dərc olunub, alimlərin əsərlərinə 2962 istinad edilib.

Bölmənin əhatə dairəsində olan təşkilatlarda isə 1938 əsər çap olunub. Bunlardan 68-i kitab (5-i xaricdə), 47-si monoqrafiya (16-sı xaricdə), 81-i dərslik və dərs vəsaiti, 958-i məqalə (493-ü xaricdə), 482-si tezis (122-si xaricdə) olub, Web of Science, Scopus bazalarında indekslənən jurnallarda isə 315 məqalə dərc edilib, əməkdaşların əsərlərinə 1137 istinad qeydə alınıb.

Akademik Gövhər Baxşəliyeva “Konstitusiya və Suverenlik İli” çərçivəsində dövlətimizin başçısının Sərəncamının icrasına uyğun olaraq, bölmənin elmi tədqiqat müəssisələrində 4 beynəlxalq, 3 respublika, 4 elmi seminar, 1 elmi sessiya, 2 dəyirmi masa və 1 tədbirin keçirildiyini, 1 beynəlxalq konfransın materiallarının çap olunduğunu, 1 şöbənin yaradıldığını bildirib. Qeyd edib ki, bu çərçivədə “Süni intellekt və müasir şüur: Konstitusiya və Suverenlik İli kontekstində”, “Milli mübarizəmizin məntiqi nəticəsi, Konstitusiya və Suverenlik”, “Azərbaycan arxeologiyası “Konstitusiya və Suverenlik İli”ndə: nailiyyətlər və perspektivlər”, “Azərbaycan Respublikasının Konstitusiyası: dövlət quruculuğunun 30 illik təcrübəsi” və digər mövzuda konfranslar, dəyirmi masalar, seminarlar keçirilib. Eyni zamanda, “Azərbaycan Respublikasında müasir konstitusionalizm və suverenliyə yeni baxış” mövzusunda beynəlxalq elmi konfransın materialları çap olunub.

Məruzəçi, həmçinin dövlətimizin başçısının “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında”, “Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi haqqında”, “Akademik Yusif Məmmədəliyevin 120 illiyinin qeyd edilməsi haqqında”, “Bəxtiyar Vahabzadənin 100 illiyinin qeyd edilməsi haqqında”, “Seyid Əzim Şirvaninin 190 illik yubileyinin qeyd edilməsi haqqında”, “Fətəli xan Xoyskinin 150 illiyinin qeyd edilməsi haqqında”, “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında” sərəncamları, “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”, “Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt Strategiyası” istiqamətində görülmüş işləri diqqətə çatdırıb. Bu çərçivədə “AMEA yeniləşmə və islahat yollarında”, “Süni intellekt fəlsəfəsi və tarixi – mədəni epistemoloji yanaşma”, “Rəqəmsal sosiologiya: nəzəri, metodoloji və tarixi aspektləri” və digər nəşrlərin çap olunduğunu söyləyib.

Akademik Gövhər Baxşəliyeva qeyd edib ki, arxeoloq alimlər tərəfindən Azərbaycanın Mədəniyyət Nazirliyi tərəfindən qeydə alınmış arxeoloji abidələrin pasportlaşdırılması, yeni aşkar edilmiş abidələrin isə qeydə alınması istiqamətdə fəaliyyət davam etdirilib. Bu günə kimi mövcud olan siyahıdakı səhvlərin aradan qaldırılması, həmçinin tarixi, memarlıq və arxeoloji əhəmiyyət kəsb edən obyektlərin dövlət mühafizəsində olan abidələr siyahısına daxil edilməsi məqsədilə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin, Azərbaycan Milli Elmlər Akademiyasının və digər əlaqədar qurumlardan ibarət İşçi qrupu tərəfindən ölkə ərazisində müxtəlif obyektlərə baxış keçirilib və arayış hazırlanıb.

Bundan əlavə, “Böyük Qayıdışa dair I Dövlət Proqramı”ndan irəli gələrək, bölmənin institutlarında bir sıra işlər həyata keçirilib, kitablar çap olunub, 30-a yaxın elmi tədqiqat işləri yerinə yetirilib, işğaldan azad olunmuş ərazilərdə beynəlxalq ekspedisiyalar fəaliyyət göstərib. Eləcə də, işğaldan azad olunmuş ərazilərimizdə itkin düşmüş şəxslərin axtarışı ilə əlaqədar tədbirlər çərçivəsində Zəngilanda, Füzulidə, Xocavənddə, Xocalıda, Ağdamda, Qubadlıda, Kəlbəcərdə, Ağdərədə və s. arxeoloji kəşfiyyat işləri aparılıb.

`Qərbi Azərbaycanın tarixinin, mədəniyyətinin öyrənilməsi istiqamətində isə “Qərbi Azərbaycan: faktlar, sənədlər, reallıqlar”, “Ermənistanın toponimik cinayətləri”, “Azərbaycanlılarla ermənilər arasında keçirilən “Barışdırıcı qurultay” (Qafqaz Canişinliyi 20 fevral - 6 mart 1906-cı il)” kitabları çap olunub, eləcə də “Qərbi Azərbaycan atlası” üzrə “Azərbaycan Respublikası ərazisində yer adları ilə bağlı topoqrafik xəritələr” üzərində yenilənmə aparılıb və toplanmış materiallar əsasında Dərələyəz mahalının, Qərbi Zəngəzurun xəritəsi çəkilib. O cümlədən “İrəvan xanlığı bölgələrinin xəritələri” üzərində iş davam etdirilir.

Ölkə Prezidentinin tapşırıq və tövsiyələrinə əsasən, Qafqaz Albaniyasının tarixinin, mədəniyyətinin öyrənilməsi sahəsində bölmənin elmi-tədqiqat müəssisələrində, xüsusən Tarix və Etnologiya, Arxeologiya və Antropologiya institutlarında çalışan əməkdaşlar tərəfindən bir sıra elmi-tədqiqat işləri həyata keçirilib, kitablar, çoxsaylı məqalələr çap olunub. Belə ki, “Qafqaz Albaniyasının Düzən Qarabağda antik dövr abidələri” adlı monoqrafiya çap edilib, “Qafqaz Albaniyasını xristian dövr arxeoloji və memarlıq irsi” adlı monoqrafiya isə çapa təqdim olunub. Həmçinin Qafqaz Albaniyasına dair mənbələrin araşdırılması məqsədilə Londonda, K.Kekelidze adına Gürcüstan Milli Əlyazmalar Mərkəzinin Arxivində, Rusiya arxivlərində məlumatlar toplanıb.

İraq Türkmanları ilə əlaqədar görülmüş işlər çərçivəsində isə “İraq-türkman dilinin qrammatikası (Azərbaycan dili əsasında)” nəşri Azərbaycan və ərəb dillərində Bakı və Bağdadda nəşr edilib.

Akademik Gövhər Baxşəliyeva, o cümlədən bölmənin institutlarında türk xalqların tarixini, mədəniyyətini araşdıran şöbələrin fəaliyyət göstərdiyini, “Türkiyənin siyasi və iqtisadi tarixi və Türkiyə-Azərbaycan siyasi-iqtisadi münasibətlərinin öyrənilməsi”, “Azərbaycanda yaşayan digər türk xalqlarının tarixinin və etnologiyasının müqayisəli öyrənilməsi (keçmişdə və indi)” və digər istiqamətlərdə tədqiqatların aparıldığını söyləyib.

Избранный
19
azertag.az

1Источники