RU

Bu il hansı qrup şagirdlər blok imtahanına buraxılmayacaqlar?....



Son günlər sosial şəbəkələrin Azərbaycan seqmentində abituriyentlər və valideynlər arasında ciddi narahatlıq doğuran və geniş müzakirələrə səbəb olan bir iddia sürətlə yayılmaqdadır.

Sosial platformalarda dolaşan məlumatlarda, buraxılış imtahanlarında 100 ballıq göstəricini keçə bilməyən şagirdlərin növbəti mərhələyə - yəni blok imtahanlarına buraxılmayacağı iddia edilir. Rəsmi qurumlar tərəfindən təsdiqlənməyən və heç bir etibarlı mənbəyə söykənməyən bu iddialar qısa zaman ərzində kütləvi xarakter alaraq cəmiyyətdə geniş rezonans doğurub.

Qeyd edək ki, imtahan həyəcanı yaşayan minlərlə gənc və onların ailələri üçün bu cür şayiələr əlavə psixoloji yükə çevrilib. Nəticədə həm şagirdlər, həm də valideynlər arasında təşviş artıb. Mövcud qeyri-müəyyənlik və məlumat boşluğu vəziyyətin daha da gərginləşməsinə səbəb olaraq psixoloji gərginliyi pik həddə çatdırıb.

Xanlar Xanlarzadə: “Sosial şəbəkədə yayılmış məlum xəbər doğru deyil”

Dövlət İmtahan Mərkəzinin sektor müdiri Xanlar Xanlarzadə baki-xeber.com-a açıqlamasında qeyd etdi ki, sosial şəbəkədə yayılmış məlumat doğru deyil.

Cavanşir Əliyev: “Buraxılış imtahanından 100 bal toplamayanların imtahana buraxılmaması həqiqət deyil”

Təhsil eksperti Cavanşir Əliyev də baki-xeber.com-a şərhində bildirdi ki, sosial şəbəkədə təhsillə bağlı çoxlu sayda yanlış məlumat yayılır: “Bu tip xəbərlər abituriyenlərin, valideynlərin, müəllimlərin narazılığına səbəb olur. Təəssüflər olsun ki, bunun mənəvi-psixoloji tərəflərinə diqqət edilmir. Valideynlərin, abituriyenlərin keçirdiyi stress, həyəcan nəzərə alınmır. Həmin səhifələrə nəzarət olmadığı üçün kim nə istəyir yayır. Buraxılış imtahanından 100 bal toplamayanların imtahana buraxılmaması həqiqət deyil. Məlumat üçün deyim ki, buraxılış imtahanından 1 bal toplayan olsa belə, o abituriyent blok imtahanına buraxılacaq".

Günel CƏLİLOVA

Избранный
9
baki-xeber.com

1Источники