Son aylarda açıqlanan rəsmi statistika Azərbaycanın yanacaq bazarında struktur dəyişikliklərinin getdikcə dərinləşdiyini göstərir.
Bir tərəfdən yüksək oktanlı benzin istehsalında ciddi azalma müşahidə olunur, digər tərəfdən isə dizel yanacağının istehsalı sürətlə artır.
Bu ziddiyyətli dinamika cəmiyyətdə əsasən bir sualı aktuallaşdırır: yaxın dövrdə Azərbaycanda benzinin, xüsusilə də “Aİ-95” markalı benzinin qiyməti arta bilərmi?
Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2025-ci ilin yanvar-sentyabr aylarında ölkədə cəmi 13,8 min ton “Aİ-95” markalı avtomobil benzini istehsal edilib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 45 faizdən çox azalma deməkdir. Paralel olaraq, dizel yanacağının istehsalı əks istiqamətdə hərəkət edib. 2025-ci ilin yanvar-noyabr aylarında 2 milyon 329 min tondan artıq dizel yanacağı istehsal olunub ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 18 faizdən çox artım deməkdir. Bu fərq təsadüfi deyil və bir neçə iqtisadi, texnoloji və strateji amillə bağlıdır.
Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirlinin fikrincə, burada əsas səbəblərdən biri Azərbaycanın neft emalı sənayesinin hələ də tam modernləşdirilməməsidir.
Onun sözlərinə görə, ölkədə dizel yanacağının istehsalı texnoloji baxımdan daha asan və daha ucuz başa gəlir:
“Halbuki “Aİ-95” kimi yüksək oktanlı benzin növləri üçün daha mürəkkəb emal prosesləri tələb olunur. Bu isə istehsal xərclərini artırır və zavodları dizelə üstünlük verməyə vadar edir”.
DOĞRU.AZ