“İran artıq İraqda aktivləşib, iranpərəst Nuri əl Malikini yenidən hökumət başına gətirməyə çalışır. Eyni zamanda Həşd Şabi və digər terrorçu qruplar Suriya sərhəddində toplaşıb. Qara əmmaməli İraq mollaları qılınclarını sıyırmış vəziyyətdə əsgərləri ruhlandırıb Suriya hakimiyyətinə qarşı qızışdırırlar. Görünür İran ABŞ və İsrailin hücumu zamanı Türkiyədən dəstək görməsə İrandakı terrorçu qrupları Suriyanın üstünə qaldırmağı planlaşdırır. ABŞ-nin dəniz qüvvələri İranı demək olar ki, mühasirəyə almaqdadır. Müəyyən ölkələrdən kualisiya da formalaşıb”.
Adalet.az xəbər verir ki, bunu siyasi şərhçi Tural İrfan deyib.
O, bildirib ki, ilk iti hücumları İsrailin həyata keçirməsi gözlənilir:
“Yalnız İran İsrailə yaxud ABŞ-nin Yaxın Şərqdəki forpostlarına zərbə endirsə, ABŞ hava qüvvələrinin streteji nöqtələri vuracağı ehtimalı yüksəkdir. ABŞ yalnız özünə tam məlum olan üsul və formada İrana müdaxilədə qərarlı görünür. Hazırda müdaxilənin vaxtı və forması haqqında dəqiq proqram məlum deyil və proqnozlar da təxminlərdən ibarətdir. Vaxtilə İraqa hücum zamanı da eyni ssenari üzərindən irəlilənmişdi. İrana vaxtilə verilmiş vəzifə Yaxın Şərqdə müsəlman ölkələrinə qarşı problem yaratmaq idi. Əslində keçmiş müttəfiqi Əsəd Suriyasını da daha çox İran bəlaya salmışdı. Suriyada çıxarılan oyunlar birbaşa İsrailin maraqlarına xidmət idi. Lakin Türkiyə bu oyunu pozdu, Suriya İranın əlindən çıxdı. Bu zaman İran artıq İsrailə lazım olmadı. Vaxtilə 1980-ci illərdə Səddam Hüseynin İraqı neft hesabına inkişaf etdirdiyi ərəfədə dərhal Xomeynini Fransadan təyyarəyə oturdub gətirərək müharibəyə sövq etdilər. Hazırda da İraqı İranın əli ilə Suriyaya qarşı təşviq edirlər. Daha doğrusu İran İraqdakı qüvvələri vasitəsi ilə İsrailin qəbul etmədiyi indiki Suriya hakimiyyətinə qarşı təxribatlar hazırlamaqla hələ də lazımlı olduğunu sırımaq istəyir. Bu da məlumdur ki, Suriyada hazırda üsyan üçün fürsət axtaran və mütəmadi xəyanətlə məşğul ola Druz, Nuseyri, Ələvi, PKK qruplarına İsrail və İran dolayı da olsa müştərək yardım edirlər”.
T.İrfan bildirib ki, Türkiyə artıq İrandan gələ biləcək qaçqın selinə görə ehtiyyat tədbirləri görməyə başlayıb:
“Ola bilsin İsraillə, Suriyada sabitliyin yaranmasına maneçilik törətməməsi və ABŞ-nin də PKK-ya dəstəyindən geri çəkilməsi müqabilində Türkiyə İrana müdaxilə ərəfəsində neytrallığını qorumağa söz verib. Çünki İran hazırda İraqda Malikini hakimiyyətə gətirməklə de-fakto Suriyanı qarışdırmaq və nəticədə Türkiyə üzərinə getməyi planlaşdırır. O həm də bununla İsrailə hələ lazım olduğunu çatdırmaq istəyir. Türkiyə İranla sərhəddə ehtiyyat tədbirlərini gücləndirməyi böyük ehtimalla siyasi qənaətdən əlavə kəşfiyyat məlumatları əsasında zəruri hesab edib. Çünki İranın vurulduğu təqdirdə qaçqın qismində Türkiyəyə çoxsaylı terrorçu keçə və ölkədə təxribat yarada bilər. Vaxtilə ABŞ-nin müdaxiləsi zamanı 1991-ci ildə Turqut Özal İraqla sərhəddi açaraq çoxsaylı qaçqın qəbul etməyə qərar verdi. Bu "qaçqınlar" isə sonda Türkiyənin başına bəla olacaq PKK-nın tərkibində Qəndillə koordinasiya sistemi qurdular. Turqut Özal bəlkə də bunu düşünülmüş şəkildə, uzaq gələcəyə hesablayıb etmişdi. Amma həmin ərəfədə onun qərarı humanitar addım kimi qəbul olunurdu. Hər halda İran rejimi hələ də İslam və Türk dünyası əleyhinə yararlı olduğunu sübut etməyə, Qərbin ideoloji maraqlarının təmin olunmasında hətta İsrailin də işinə yararlı olduğunu çatdırmağa çalışır. ABŞ və İsrail isə İranı mühasirəyə alıb sıxmaqla tələsdirirlər ki, yararlı olduğunu sübut etsin. Odur ki, İran İraqda yenidən öz qüvvələrini hakimiyyətə gətirib Suriya və Türkiyə əleyhinə mövqe qoymaq istəyir ki, bəlkə İsrail düşünə. Ancaq bunlara rəğmən İrandakı son genosid və rejim daxilindəki çoxtirəlilik, xalqın ümumiyyətlə hakimiyyətdən və quruluşdan narazılığı ən böyük gərginliyin qarşıda olduğunu göstərir. ABŞ və İsrailin İran rejimi ilə bağlı variantlardan birinin də nüvə proqramından imtina edərək Qərbə yaxınlaşdığı, sistemin mahiyyətini dünyəvi istiqamətində dəyişdiyi təqdirdə Prezident Pezeşkiyanın da qalmasına qane olduğu variantı olduğu deyilir. Lakin şah variantı kimi bu da real görünmür”.
Vasif ƏLİHÜSEYN