RU

2026-cı ildən icbari tibbi sığortada xidmətlərin siyahısı genişlənəcək » AzadMedia.az


İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 2026-cı ildə Xidmətlər Zərfinin əhatə dairəsini genişləndirməyi planlaşdırır. Bu barədə Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev “2025-ci ilin yekunları və hədəflər” mövzusunda keçirilən mətbuat konfransında məlumat verib.
Bildirilib ki, dəyişikliklər bir neçə əsas tibbi sahəni əhatə edəcək. Travmatologiya üzrə tibbi göstəriş olduqda revizion protezləmə — yəni əvvəl qoyulmuş protezin yenisi ilə əvəz edilməsi icbari tibbi sığorta hesabına qarşılanacaq.
Eyni zamanda neyrocərrahiyyə sahəsində mərkəzi və periferik sinir sistemi ilə bağlı diaqnostik və cərrahi müdaxilələrin, oftalmologiyada görmənin bərpası və qorunmasına yönəlmiş müasir xidmətlərin, kardiologiyada isə invaziv və minimal invaziv üsullarla aparılan yüksək texnologiyalı müalicələrin siyahısı genişləndiriləcək.
Zaur Əliyev həmçinin 2026-cı ildən ambulator şəraitdə reseptlə təyin olunan bəzi dərman vasitələrinin icbari tibbi sığorta çərçivəsində qarşılanacağını bildirib. İlkin mərhələdə ürək-damar xəstəliklərinin əsas risk amillərindən biri olan hipertenziyanın müalicəsində istifadə edilən antihipertenziv dərmanların təminatı nəzərdə tutulur.
Qeyd olunub ki, başlanğıc mərhələdə 28 təsiredici maddəni əhatə edən, müxtəlif doza və kombinasiyalar üzrə ümumilikdə 76 dərman vasitəsinin qarşılanması planlaşdırılır.
Избранный
41
1
azadmedia.az

2Источники