RU

Milli Məclisin sədri Bəhreyn Kralı ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova Bəhreyn Krallığına rəsmi səfəri çərçivəsində bu ölkənin Kralı Həməd bin İsa Al Xəlifə ilə görüşüb.

Görüşdə Milli Məclisin sədri Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Bəhreyn Kralına çatdırıb. Bəhreyn Kralı Həməd bin İsa Al Xəlifə onun da salamlarını Azərbaycan Prezidentinə çatdırmağı xahiş edib.

Bəhreyn Kralı görüşdə Azərbaycanın inkişafı, həmçinin ikitərəfli münasibətlərin daha da dərinləşdirilməsinin əhəmiyyəti ilə bağlı fikirlərini bildirib.

Söhbət zamanı Sahibə Qafarova Azərbaycan-Bəhreyn münasibətlərinin dostluq, qarşılıqlı etimad və hörmət üzərində qurulduğunu ifadə edərək, ölkələrimiz arasında mövcud olan siyasi əlaqələrin digər sahələrdə, o cümlədən iqtisadi, investisiya, turizm sahələrində geniş əməkdaşlıq imkanları yaratdığını bildirib. O, bu il Azərbaycan və Bəhreyn arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün tamam olduğunu xatırladıb.

S.Qafarova bu səfərin Azərbaycan Milli Məclisi sədrinin Bəhreyn Krallığına ilk rəsmi səfəri olduğunu qeyd edərək, parlament sədrlərinin, o cümlədən deputatların qarşılıqlı səfərlərinin və sıx təmasların qanunvericilik orqanları arasında əlaqələrin daha da dərinləşməsinə töhfə verdiyini vurğulayıb.

***

Milli Məclisin sədri Sahibə Qafarova Bəhreyn Krallığına işgüzar səfəri çərçivəsində BƏƏ-nin Federal Milli Şurasının sədr müavini Tariq Humaid Al Tayer ilə görüşüb.

Görüşdə iki ölkə liderlərinin rəhbərliyi ilə bütün istiqamətlər üzrə hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş əlaqələrin uğurla inkişaf etdiyi qeyd olunub, parlamentlərin fəaliyyəti və verdiyi töhfələr xüsusi vurğulanıb.

Söhbət zamanı beynəlxalq təşkilatlar, o cümlədən APA çərçivəsində əməkdaşlığın yüksək səviyyədə olmasından razılıq ifadə olunub. Görüşdə Sahibə Qafarova Milli Məclisin APA-ya ikiillik sədrliyi dövründə BƏƏ parlamentinin nümayəndə heyətinin göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib, APA-nın parlamentlərarası əlaqələrin genişləndirilməsi üçün ümumi və səmərəli platforma olduğunu vurğulayıb.

***

Milli Məclisin sədri Sahibə Qafarova yanvarın 26-da Asiya Parlament Assambleyasının 16-cı plenar sessiyasında çıxış edib.

Sahibə Qafarova çıxışında 2024-cü ilin fevralında Bakıda keçirilmiş 14-cü plenar sessiyada Azərbaycan Milli Məclisinin APA-ya sədrliyi öz üzərinə götürdüyünü xatırladıb. O vurğulayıb ki, bu il - APA-nın yaradılmasının 20-ci ildönümünün qeyd edildiyi bir məqamda Assambleya artıq konstruktiv dialoq və həmrəylik üçün mühüm çoxtərəfli təsisata çevrilib.

Son iki ildə görülən işlər barədə məlumat verən S.Qafarova Azərbaycanın sədrliyi dövründə institusional inkişaf məsələlərinə xüsusi diqqət yetirildiyini, Büro iclaslarının yenidən keçirilməyə başlandığını, təşkilatın tərkibinin genişləndiyini qeyd edib.

Çıxışında bölgəmizin 2026-cı ildə ev sahibliyi edəcəyi digər mühüm hadisənin - bu ilin mayında Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının əhəmiyyətini vurğulayan parlamentin sədri Sahibə Qafarova davamlı şəhərsalmanın qlobal inkişafın gündəliyi ilə sıx əlaqəli olduğunu deyib. O, APA-ya üzv olan bütün ölkələri bu Forumda fəal iştiraka dəvət edib.

APA-da sədrlik rəsmi olaraq Bəhreyn Krallığının Nümayəndələr Şurasına təhvil verilib.

XQ

Избранный
113
1
xalqqazeti.az

10Источники