RU

Qərbi azərbaycanlıların "Qayıdış hüququ" beynəlxalq müstəvidə öz təsdiqini tapır

Davos Dünya İqtisadi Forumu qlobal gündəliyin formalaşdığı əsas platformalardan biridir. Forum çərçivəsində dövlət başçıları, beynəlxalq maliyyə institutları, iri investisiya fondları və transmilli şirkətlər həm siyasi dialoq, həm də kapitalın istiqamətləri barədə real qərarların formalaşdırılması üzərində işləyirlər. 2026-cı ilin illik toplantısı 19-23 yanvar tarixlərində Davos şəhərində keçirilib. Azərbaycan Prezidenti İlham Əliyevin tədbirdə iştirakı ölkənin geoiqtisadi mövqeyinin, investisiya cəlbediciliyinin və regional gündəliyinin beynəlxalq auditoriyaya sistemli təqdimatını əks etdirib.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin baş məsləhətçisi Roza Bayramlı qəzetimizə açıqlamasında bildirib ki, Azərbaycanın Davos platformasında maraqları enerji təhlükəsizliyi və enerji keçidi, nəqliyyat-logistika və kapital bazarlarına çıxışla institusional investorlarla tərəfdaşlıq kimi məsələləri özündə birləşdirir: "Prezident İlham Əliyevin Davosda keçirdiyi görüşlər də məhz bu prioritetləri konkret layihələr və əməkdaşlıq mövzuları ilə praktiki müstəviyə çıxarıb. Davosda ölkə rəhbərinin investisiya gündəliyi, əsasən, Azərbaycanın qlobal maliyyə institutları və aparıcı aktiv idarəediciləri ilə əlaqələrini dərinləşdirmək, SOFAZ xətti üzrə "uzunmüddətli kapital"ı strateji istiqamətlərə yönəltmək və ölkənin investisiya cəlbediciliyini beynəlxalq auditoriyaya təqdim etmək məqsədlərini daşıyıb. Görüşlərdə mövcud tərəfdaşlıqların genişləndirilməsi, infrastruktur və logistik aktivlər üzrə imkanların dəyərləndirilməsi, rəqəmsal infrastruktur kimi yeni istiqamətlərə maraq, eləcə də makroiqtisadi sabitlik və fiskal intizamın investor mesajı kimi önə çıxarılması diqqət mərkəzində olub. Bu yanaşma Azərbaycanın Davosda özünü təkcə resurs ixracatçısı kimi deyil, institusional investorlar üçün qaydalı, proqnozlaşdırılan və uzunmüddətli tərəfdaş kimi möhkəmləndirməsinə xidmət edir. SOFAZ, "BlackRock" və onun tərkibinə daxil olan "Global Infrastructure Partners" (GIP) arasında uzunmüddətli əməkdaşlığa dair Niyyət Memorandumuna dair fikir mübadiləsi aparılıb. Sənəd Azərbaycanda infrastruktur, o cümlədən hava limanı infrastrukturu və regional məlumat mərkəzləri üzrə potensial investisiya imkanlarının araşdırılmasını nəzərdə tutur". 

Siyasi şərhçi qeyd edib ki, forum çərçivəsində nəqliyyat-logistika və enerji gündəliyi Azərbaycanın iki əsas strateji üstünlüyünü: regionlararası əlaqəlilik və enerji təhlükəsizliyinə töhfə imkanlarını da ön plana çıxarıb. Görüşlərdə ölkənin beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsindəki rolu, tranzit potensialının artırılması, liman-dəmir yolu-logistika zəncirinin genişləndirilməsi və qlobal operatorlarla əməkdaşlıq imkanları müzakirə olunub. Paralel olaraq enerji xəttində Avropa bazarları ilə tərəfdaşlığın dərinləşdirilməsi, təchizatın etibarlılığı və proqnozlaşdırıla bilməsi, eləcə də ənənəvi enerji ilə yanaşı, bərpaolunan enerji layihələri və "yaşıl keçid" üzrə investisiya marağının gücləndirilməsi vurğulanıb. "Belə ki, nəqliyyat-logistika və enerji xəttində aparılan görüşlər çərçivəsində "DP World" ilə Azərbaycanın nəqliyyat dəhlizlərində rolu və infrastruktur layihələri üzrə əməkdaşlıq perspektivləri, "Vitol" ilə isə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsi və şirkətlə əməkdaşlıq məsələləri müzakirə olunub", - deyə o əlavə edib.

Roza Bayramlı deyib ki, Davos çərçivəsində siyasi-diplomatik gündəlik Prezident İlham Əliyevin bir sıra yüksəksəviyyəli ikitərəfli görüşləri ilə zəngin olub. Finlandiya Prezidenti, Çexiyanın Baş naziri, İsrail Prezidenti, Qətərin Baş naziri və xarici işlər naziri, İraq Kürdüstan Regional Hökumətinin Baş naziri ilə təmaslarda ikitərəfli münasibətlərin inkişafı, regional təhlükəsizlik və iqtisadi əməkdaşlıq imkanları müzakirə edilib. Eyni zamanda Avropa Komissiyasının genişlənmə üzrə komissarı Marta Kos ilə görüşdə Azərbaycan-Aİ gündəliyinin aktual istiqamətləri, o cümlədən regionda normallaşma, əlaqəlilik layihələri və humanitar mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Ekspert qeyd edib ki, ictimai-siyasi kommunikasiya xəttində Prezident İlham Əliyevin Davos proqramı təkcə qapalı görüşlərlə məhdudlaşmayıb, eyni zamanda Azərbaycanın mövqeyinin beynəlxalq auditoriyaya birbaşa çatdırıldığı media və tədbir formatları ilə tamamlanıb: "Dövlətimizin başçısı "Euronews"a müsahibəsində regional sabitlik və təhlükəsizlik kontekstində Azərbaycanın prioritetlərini, enerji təhlükəsizliyinə töhfəsini və əməkdaşlıq gündəliyini təqdim etməklə, ölkənin siyasətinin əsas xəttini daha geniş dinləyici kütləsinə izah edib. Ardınca keçirilən "Azerbaijan Executive Breakfast" tədbiri isə biznes və ekspert mühitinə yönəlmiş platforma kimi Azərbaycanın investisiya mühiti, tranzit imkanları, enerji və "yaşıl keçid" istiqamətlərində planları barədə mesajların "birbaşa" və qeyri-formal formatda çatdırılmasına imkan verib. Belə ki, bu tip tədbirlər, adətən, tərəfdaşlarla konkret layihə ideyalarının ilkin müzakirəsi və əlaqələrin dərinləşməsi üçün də funksional rol oynayır".

Roza Bayramlının fikrincə, Azərbaycanın  Sülh Şurasının təşəbbüsünə dəvət olunması ölkənin yeni beynəlxalq dialoq formatlarında iştirak imkanlarının genişləndiyini göstərən siqnal kimi qiymətləndirilə bilər. Bununla paralel, ABŞ Prezidenti Donald Trampın xüsusi çıxışından sonra keçirilən panel sessiyada onun iştirakı ilə aparılan müzakirə Azərbaycanın qlobal gündəliyinin formalaşdığı məkanlarda rolunun artdığını, müxtəlif aktorlarla birbaşa təmas və mövqelərin təqdimatı baxımından əlavə diplomatik kanalların yarandığını nümayiş etdirən məqamlar sırasındadır. Bu konfiqurasiya ümumilikdə Azərbaycanın Davosda yalnız iqtisadi gündəliklə deyil, həm də kommunikasiya və siyasi dialoq alətləri ilə seçilən və müzakirələrə daxil olan tərəf kimi çıxış etdiyini göstərir.

Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Избранный
26
azerbaijan-news.az

1Источники