RU

Cənubi Koreyadan süni zəka üçün qlobal presedent: AI Basic Act

Koreya hökuməti bu qanunu “dünyada ilk tam süni zəka tənzimləmə sistemi” kimi təqdim edir. Azərbaycan dilinə tərcümədə AI Basic Law – Süni Zəkanın İnkişafı və Etimadın Təmin Edilməsi Qanunu adlanır.

Bu çərçivə qanunu Cənubi Koreya Milli Məclisi tərəfindən 2024-cü ilin dekabrında qəbul edilib və 2026-cı ilin 22 yanvar tarixində qüvvəyə minib.

Qanun Cənubi Koreyanı EU AI Act (Avropa Birliyinin Süni Zəka Qanunu) ilə oxşar tənzimləmə modelini tətbiq edən ikinci ölkə mövqeyinə çıxarır. Bununla yanaşı, bu sahədə ən sürətli şəkildə qüvvəyə minən süni zəka tənzimləmə sistemi hesab olunur. Məsələn, Avropa Birliyinin AI Aktının 2027-ci ilədək mərhələli şəkildə tətbiqi nəzərdə tutulur. Cənubi Koreyada isə qanun artıq 2026-cı ilin yanvarından qüvvədədir.

Qanun süni zəkanın riskli və strateji əhəmiyyətli sahələrdə istifadəsinə ciddi yanaşma ortaya qoyur. İdarəçilik prinsiplərinə əsasən, “yüksək təsirli” süni zəka sistemlərinin tətbiqi zamanı mütləq insan nəzarəti təmin edilməlidir.

Bu sahələrə nüvə təhlükəsizliyi, su təchizatı və enerji, nəqliyyat və infrastruktur, səhiyyə və tibbi diaqnostika, kredit və maliyyə qiymətləndirmələri, eləcə də digər bank xidmətləri daxildir. Sözügedən tələb potensial risklərin və səhvlərin qarşısının alınmasında insan faktorunun süni zəkanı tamamlayıcı rolunu ön plana çıxarır.

Qanuna əsasən, süni zəkadan istifadə ilə bağlı məlumatlandırma öhdəliyi müəyyən edilir. İstifadəçilər AI-nin tətbiq olunduğu məhsul və ya xidmət barədə əvvəlcədən məlumatlandırılmalıdır. Başqa sözlə, hər hansı sistemin süni zəkaya əsaslandığı açıq və aydın şəkildə göstərilməlidir.

Eyni zamanda, süni zəka tərəfindən yaradılan kontentin mütləq şəkildə işarələnməsi tələb olunur. Xüsusilə generativ AI sistemləri (şəkil, mətn, səs və video yaradan alətlər) vasitəsilə formalaşdırılan məzmun istifadəçilərə onun AI mənşəli olduğunu açıq şəkildə bildirən qeyd ilə təqdim edilməlidir. Bu yanaşma deepfake texnologiyalarının və yanlış məlumatların yayılmasının qarşısını almağa xidmət edir.

Qaydaların pozulmasına görə maksimum 30 milyon Cənubi Koreya vonu (təxminən 20 000 ABŞ dolları) məbləğində cərimə nəzərdə tutulur. Bununla yanaşı, hökumət müəssisələr və texnologiya şirkətləri üçün ən azı 1 illik güzəşt müddəti (grace period) müəyyən edib. Bu müddət ərzində tələblərə tam əməl olunmaması dərhal sanksiya ilə nəticələnməyəcək.

Bu qanun Cənubi Koreyanı qlobal miqyasda süni zəkanın hüquqi tənzimlənməsi sahəsində qabaqcıl ölkəyə çevirir. Fikrimizcə, Süni Zəkanın İnkişafı və Etimadın Təmin Edilməsi Qanunu bu sahəni dünyada rəsmən tənzimləyən ilk kompleks qanunvericilik paketi kimi digər ölkələr üçün də mühüm istinad mənbəyinə çevriləcək.

Qanun Cənubi Koreyanın milli süni zəka çərçivəsini vahidləşdirmə məqsədi daşıyır. Eyni zamanda, innovasiyanı inkişaf etdirməyi, ixracı artırmağı və etibarlı süni zəka təşviq edərkən süni zəka risklərini azaltmağı hədəfləyir.

Qanunun müddəalarının təhlili onu deməyə əsas verir ki, bu tənzimləmə sabit xarakter daşımır və zamanla təkmilləşdirilməlidir. Belə ki, bəzi tələblərin qeyri-müəyyənliyi Cənubi Koreyada fəaliyyət göstərən kiçik texnologiya şirkətləri, xüsusilə startap icması üçün resurs məhdudiyyətləri səbəbindən compliance (tələblərə uyğunluq) sahəsində müəyyən çətinliklər yarada bilər.

Sevindirici haldır ki, süni zəkanın hüquqi tənzimlənməsində yeni mərhələ başlayır və artıq süni zəka alətlərindən istifadədə təkcə nəticə deyil, prosesin özü də hüquqi və etik baxımdan qiymətləndiriləcək.

 

Ceyhun Xəlilov
Yeni Texnologiyaların İnkişafına Dəstək
ictimai birliyinin sədri

Избранный
58
qht.az

1Источники