Dörd illik işğal müddətində Rusiya ordusu üstün hərbi gücə baxmayaraq, hələ də Ukrayna müdafiəsini yarmaq üçün effektiv yol tapa bilməyib...
Poliqon Forbes-ə istinadən xəbər verir ki, əsas səbəb ön xətdə olan zabitlərin ayrı-ayrı döyüşlərdə qələbə üçün vacib olan kritik taktiki qərarları qəbul edə bilməməsidir. Bu isə direktiv idarəetməyə əsaslanan Rusiya hərbi doktrinası və bir çox gənc zabitin ümumi təcrübəsizliyi ilə bağlıdır.
İndi Rusiyada bu problemi həll etməyin yolunu tapdıqlarını düşünürlər. Belə ki, cəbhədə komandirlərə əsas taktiki qərarların qəbulunda kömək edəcək süni intellekt (Al) əsaslı "Svod" sisteminin tətbiqi planlaşdırılır.
Ön xətdə rus komandirləri üçün Al alətləri
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, "Svod" sistemi peyk məlumatları, aerofotoşəkillər, kəşfiyyat hesabatları və açıq mənbələrdən informasiya daxil olmaqla çoxsaylı kəşfiyyat mənbələrini toplayıb vahid informasiya məkanında birləşdirmək üçün nəzərdə tutulub. Daha sonra sistem daxil olan məlumat axınlarını təhlil etmək, mümkün əməliyyat ssenarilərini modelləşdirmək və komandirlərə əsas qərarların verilməsində yardım göstərmək üçün süni intellekt də daxil olmaqla qabaqcıl emal üsullarından istifadə edir.
Məqalədə qeyd olunur:
"Rusiya hərbi rəhbərliyi, görünür, "Svod"u qərar qəbul etmə dövrlərini sürətləndirmək vasitəsi kimi görür və ön xətdəki komandirləri optimal fəaliyyət kursuna yönəltməyi hədəfləyir".
"Svod" sisteminin detallı texniki xüsusiyyətləri açıqlanmasa da, böyük ehtimalla bu, xüsusi hazırlanmış tək bir fiziki cihaz deyil. Daha çox ehtimal olunur ki, "Svod" məlumat axınlarını və qərar dəstək alətlərini inteqrasiya edən proqram təminatlı sistemdir və bu imkanları artıq taktiki səviyyədə istifadə olunan kompüter və ya planşetlər vasitəsilə komandirlərə təqdim edir.
Forbes yazır ki, sistemin operativ sınaqları 2025-ci ilin dekabrında başa çatıb. Gözlənilir ki, 2026-cı ilin aprelindən etibarən Rusiya ordusu sistemi silahlanmaya qəbul etməyə başlayacaq və 2026-cı ilin sentyabrınadək bütün qoşun növlərində tətbiq etməyi planlaşdırır. Sistemi ilk alan bölmələr hazırda Pokrovsk istiqamətində hücum əməliyyatları aparan 2-ci və 41-ci ümumqoşun ordularının batalyonları olacaq.
Bu cür qrafik göstərir ki, "Svod" uzunmüddətli modernləşmə layihəsindən daha çox idarəetmə və nəzarət sistemlərindəki çatışmazlıqları təcili aradan qaldırmaq üçün nəzərdə tutulub.
Vacib nüans
Forbes qeyd edir ki, Al əsaslı qərar dəstək alətləri adətən sərt və proqnozlaşdırılan doktrinadan istifadə edən rəqiblərə qarşı daha effektiv olur. Ukraynanın müharibə aparma yanaşması isə əksinə, davamlı adaptasiya, sürətli taktiki öyrənmə və yeni texnologiyaların tətbiqi ilə xarakterizə olunur.
"Bu dinamika Ukraynanın davranışını dəqiq modelləşdirmə cəhdlərini çətinləşdirir və "Svod" sisteminin döyüş meydanını təhlil edərək real təsirli tövsiyələr yaratmaq qabiliyyətini azaldır", deyə məqalədə qeyd edilir.
Poliqon.info