RU

Maarif və tərəqqi yolunun fədaisi: Firidun bəy Köçərli

Bu gün görkəmli ədəbiyyatşünas Firidun bəy Köçərlinin doğum günüdür

Bakı, 26 yanvar, AZƏRTAC

Ömrünün 40 ilini millətinin maariflənməsi və tərəqqisi yolunda xərcləyən Firidun bəy Köçərli ədəbi fikir tariximizdə ən ali məqam sahibi kimi xatırlanır. Ötən əsr ədəbiyyatşünaslığının inkişafında müstəsna xidmətləri olan Firidun bəy Köçərli mənsub olduğu xalqın yaddaşında ölümsüzləşən ziyalılardandır.

AZƏRTAC xəbər verir ki, bu gün Azərbaycan ədəbi tənqidi və ədəbiyyatşünaslığının görkəmli simalarından biri, ictimai xadim Firidun bəy Köçərlinin anadan olmasının 163-cü ildönümü tamam olur.

O, klassik Azərbaycan ədəbiyyatı haqqında geniş məlumata, dərin elmi-nəzəri biliyə, incə zövqə malik olduğu üçün hər bir qələm sahibinin yaradıcılığını özünəməxsus şəkildə təhlil edib. O, Məhəmməd Füzuli, Molla Pənah Vaqif, Qasım bəy Zakir, Seyid Əzim Şirvani kimi şairlər haqqında çox dəyərli oçerklərin müəllifidir. Onun Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Yusif Vəzir Çəmənzəminli, Mirzə Ələkbər Sabir barəsində ədəbi-tənqidi, realist fikirlərini əks etdirən maraqlı əsərləri var.

Görkəmli ədəbiyyatşünas alimin elmi fəaliyyəti Azərbaycan tarixinin qiymətli səhifələrindən sayılır. Unudulmaz millət aşiqinin “Azərbaycan ədəbiyyatı” əsəri isə ədəbiyyatşünaslığımızın inkişafında böyük rol oynayan və bu gün də aktuallığını itirməyən əsərlərindəndir.

Firudin bəyin irsi ilk dəfə 1957-ci ildə ədəbiyyatşünas alim Bəkir Nəbiyev tərəfindən araşdırılıb. O, arxiv materialları toplayaraq Firudin bəyin sağ qalan tələbələri ilə görüşərək 1960-cı ildə "F.Köçərlinin həyat və yaradıcılığı" mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. 1967-ci ildən Respublika Uşaq Kitabxanası Firidun bəy Köçərlinin adını daşıyır.

Избранный
70
azertag.az

1Источники