Rusiya Prezidenti Vladimir Putin Moskva Fizika-Texnologiya İnstitutuna (MFTİ) səfəri zamanı ölkədəki epidemioloji vəziyyət, o cümlədən “Honq-Konq qripi”nin yayılması və yeni dərman preparatlarının hazırlanması barədə məlumatlandırılıb. Bu barədə RIA Novosti xəbər verib.
MFTİ-nin rektoru Dmitri Livanov və Gələcək Biofizika İnstitutunun direktoru Andrey İvaşçenko prezidentə Rusiyanın dərman suverenliyinin təmin olunmasına yönəlmiş tədqiqatları təqdim ediblər.
İvaşçenko bildirib ki, A(H3N2) tipli qrip virusları, o cümlədən Honq-Konq qripi, ciddi fəsadlar yarada bilər və əvvəl hazırlanmış dərmanlara qarşı viruslarda müqavimət formalaşır. Bu səbəbdən yeni preparatların sürətli hazırlanması zəruridir. Putin görüş zamanı vurğulayıb ki, tədqiqatlar “gələcək viruslar” nəzərə alınmaqla aparılmalıdır.
Qeyd edilir ki, Rusiya Federal Tibb-Bioloji Agentliyinin məlumatına görə, hazırda Honq-Konq qripi A(H3N2) pandemiya yaratmaq potensialına malik deyil. Eyni zamanda, Piroqov Universitetinin Maternal və Uşaq İnstitutu əməkdaşı, tibb elmləri namizədi İvan Konovalov bildirib ki, ölkədə hələ də epidemioloji hədd aşılır və mövcud epidemik mövsümdə yoluxma hallarının yenidən artması istisna edilmir.