RU

Arvadı və övladını bıçaqlayan şəxsin işi: “Qızının gözü qarşısında onun anasını öldürmək niyyəti olmayıb” – TƏFƏRRÜAT

Ali Məhkəmədə qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Rövşən Əliyevin barəsindəki məhkəmə qərarından verilən kassasiya şikayətinin bəzi detalları məlum olub.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlqar Qılıcovun sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan edilib.


İttihama görə, hadisə 02 fevral 2023-cü il tarixdə saat 09:30 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən mənzillərin birinin blokunda qeydə alınıb.


Belə ki, Rövşən Əliyev keçmiş arvadı, zərərçəkmiş V.Əliyevanın ondan boşanması və barışıqdan imtina edərək yaşadıqları mənzilə gəlməyə icazə verməməsi səbəbindən aralarında mübahisə yaranıb. Hadisə günü o, bıçaq götürərək blokda mənzilin giriş qapısının qarşısında gizlənib. Sonra Rövşən işdən evə gələn V.Əliyevanın boyun nahiyəsinə zərbələr endirib. Bu zaman onların qızı N.Əliyeva qadının qışqırıq səslərini eşidib mənzildən bloka çıxıb. Təqsirləndirilən şəxs isə qızının gözü qarşısında növbəti bıçaq zərbələrini V.Əliyevanın sağ yanaq və boyun nahiyəsinə yetirib. Daha sonra N.Əliyeva araya girib atasının anasına növbəti bıçaq zərbələrinin yetirməsinin qarşısını almağa çalışıb. Rövşən isə bıçaqla qızının qol və əl nahiyələrinə vuraraq ona da xəsarət yetirib.

Xəstəxanaya çatdırılan hər ana və qızının həyətini xilas etmək mümkün olub.

Hadisədən sonra Rövşən Əliyev saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 14 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, protestləri təmin edilib, Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı 14 il müddətinə azadlıqdan məhrumetmə hökmünü dəyişdirərək onun cəzasını 15 ilə qaldırıb. Daha sonra Rövşən Əliyev kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.

Kassasiya şikayətində bildirilib ki, məhkum məhkəmədə verdiyi ifadəsində ittiham olunduğu əməl üzrə özünü qismən təqsirli bilib. Onun sözlərinə görə, hadisə səhər saatlarında baş verib və məqsədi V.Əliyevanı öldürmək deyil, onu qorxudaraq evə daxil olmaq olub. Məhkum qeyd edib ki, bıçağı yalnız qorxutmaq məqsədilə çıxarıb, güclü zərbələr vurmayıb və yalnız qadının paltarını kəsib.

Əlavə suallara cavabında Rövşən arvadına üç bıçaq zərbəsi yetirdiyini, zərbələrin boyun və kürək nahiyəsinə dəydiyini bildirib. O, həmçinin qızı onun əlindən tutmaq istədiyi zaman əl nahiyəsinin kəsildiyini, bundan sonra hadisə yerini tərk etdiyini və bıçağı əvvəlcədən gizlətdiyi yerdən götürdüyünü qeyd edib.

Kassasiya şikayətinin müəllifi bu ifadələrə istinad edərək vurğulayıb ki, Rövşən zərərçəkmiş şəxsi öldürmək niyyəti olmayıb. Şikayətdə qeyd olunub ki, əgər belə niyyəti olsaydı, əvvəlki mübahisələr zamanı bunu həyata keçirə bilərdi. Müdafiə tərəfinin mövqeyinə görə, məhkumun məqsədi qəsdən adam öldürmək deyil, bıçaq vasitəsilə qorxutmaq olub və nəticədə zərərçəkmiş şəxsə sağlamlığa yüngül və az ağır zərərvurmaya aid xəsarətlər yetirilib.

İş materiallarından da göründüyü kimi, Rövşənlə V.Əliyeva arasında mübahisə başlayan zaman N.Əliyeva hadisə yerində olmayıb. Qızı yalnız arvadına xəsarətlər yetirildikdən sonra hadisə yerinə gəlib. İttihamda göstərilən xəsarətlərin də N.Əliyeva gəlməzdən əvvəl yetirilməsi məhkumun əməlində Cinayət Məcəlləsinin 29, 120.2.4-cü maddəsinin tərkib əlamətlərinin olmadığını təsdiq edir. Müdafiə tərəfi hesab edir ki, bu səbəbdən əməl xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd kimi qiymətləndirilə bilməz.

Şikayətdə həmçinin qeyd olunub ki, Rövşən qızının gözü qarşısında onun anasını öldürmək niyyəti olmayıb və hadisə zamanı N.Əliyevanın gələcəyini bilməyib. Qızı hadisə yerinə gəldikdən sonra isə Rövşən oradan uzaqlaşdırılıb.

Bundan əlavə, şikayətdə zərərçəkmiş şəxslərin notarial qaydada təsdiqlənmiş barışıq ərizələrinin mövcud olduğu, həmçinin tərəflərin sonradan rəsmi nikaha daxil olduqları bildirilib və qərar qəbul edilərkən bu halların da nəzərə alınması xahiş edilib.

Müdafiəçi Bakı Apellyasiya Məhkəməsinin 18 iyul 2024-cü il tarixli qərarının ləğv olunmasını, Rövşənin əməlinin Cinayət Məcəlləsinin 29, 120.2.2 və 128-ci maddələrindən CM-nin 127.1 və 128-ci maddələrinə tövsif edilməsini, həmçinin onun barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza növünün seçilməsini xahiş edib.

Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdıraraq, məhkumun, onun müdafiəçisinin və zərərçəkmiş şəxslərin kassasiya şikayətinin təmin edilməsi, dövlət ittihamçısının isə kassasiya şikayətinin təmin edilməməsi barədə çıxışlarını dinlədikdən sonra belə qənaətə gəlib ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilməlidir.

Qərara əsasən, kassasiya şikayəti ona əlavə edilmiş ərizələrlə birlikdə qismən təmin edilib, Bakı Apellyasiya Məhkəməsinin qərarı dəyişdirilib. Belə ki, Cinayət Məcəlləsinin 80-1-ci maddəsi tətbiq edilməklə (Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla) məhkum Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Cinayət Məcəlləsinin 128-ci maddəsi üzrə ona təyin edilmiş 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasından azad edilib. Eyni zamanda məhkumun Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Cinayət Məcəlləsinin 29, 120.2.4-cü maddəsi üzrə təyin edilmiş 14 il müddətinə azadlıqdan məhrumetmə cəzası 11 il 3 aya endirilib.

Kamal Məmmədov 

Tarix: 22 Yanvar 2026, 09:16   
Избранный
34
3
pravda.az

4Источники