Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan rusiyalı jurnalist və Kremlin əsas təbliğatçılarından biri olan Vladimir Solovyov barədə qalmaqallı və təhqiramiz ifadələr səsləndirib.
Spiker jurnalistlərlə söhbətində Zəngəzur dəhlizi ətrafında yaranan müzakirələrə toxunaraq, Solovyovun mövqeyini sərt şəkildə hədəfə alıb.
Qalmaqala səbəb Türkiyənin xarici işlər naziri Hakan Fidanın Zəngəzur layihəsinə dəstək bəyanatı olub. Ermənistan daxilində revanşist dairələr bu açıqlamanı rəsmi İrəvanın mövqeyi kimi təqdim etməyə çalışsa da, Simonyan bunu qəti şəkildə rədd edib və bildirib ki, layihəni faktiki olaraq hamı dəstəkləyir.
Spikerin sözlərinə görə, Zəngəzur layihəsinə qarşı çıxanlar yalnız Ermənistanın daxili müxalifəti və rusiyalı təbliğatçılardır. Bu kontekstdə o, Solovyovla bağlı açıq-aşkar təhqiramiz ifadə işlədib:
“Hətta Rusiya hakimiyyəti də bu məsələdə ya müsbət mövqe nümayiş etdirir, ya da açıq şəkildə mənfi danışmır. Solovyov və digərləri isə eyni … çubuq üstündədir. Heç bir fərqləri yoxdur və şərh vermək də istəmirəm”, – deyə Simonyan vurğulayıb.
Ermənistan parlamentinin sədri əlavə edib ki, zərurət yaranarsa, bu mövqeyini rusiyalı həmkarlarının birbaşa diqqətinə çatdırmağa hazırdır. O, yaxın vaxtlarda Moskvaya rəsmi cavab səfərinin planlaşdırıldığını və səfərin Rusiya Federasiya Şurasının sədri Valentina Matvienkonın dəvəti əsasında baş tutacağını da açıqlayıb.
Musavat.com