RU

“Kənd toyuğu” adı ilə satılan sarı toyuq, qara niyyətli şəhər müdaxiləsi Süfrəmizə uzanan təhlükə

ain.az bildirir, Bizimyol saytına əsaslanaraq.

Son vaxtlar süfrəmizə gələn məhsulların nə ilə “bəzədildiyini” soruşmaq dövrü başlayıb. Xırdalan şəhərində aşkar olunan qanunsuz quş kəsimi sexi isə bu acı reallığın növbəti təsdiqidir. “Kənd toyuğu” adı ilə satılan məhsulun əslində sintetik boya ilə saraldılması artıq təkcə qanunsuzluq deyil, açıq-aşkar insan sağlamlığına hörmətsizlikdir.

Toyuğa Tartrazin (E102) qatıb onu “təbii”, “kənd məhsulu” kimi təqdim etmək sadəcə aldatmaq deyil. Bu, vətəndaşın sağlamlığı ilə oynamaq, onun etibarını istismar etməkdir. Çünki bu maddənin allergiya və həssaslıq yaratdığı elmi şəkildə sübut olunub. Amma görünür, bəzi “istehsalçılar” üçün sağlamlıq anlayışı qazancın yanında əhəmiyyətsiz detal sayılır.

Bu fakt bizi daha böyük bir sualla üz-üzə qoyur. Biz nə yeyirik? Və kimə inanırıq?

Bazarda “kənd toyuğu” adı ilə satılan məhsulların böyük hissəsi artıq şübhə doğurur. Etiket yoxdur, mənşə bəlli deyil, nəzarət isə yalnız təsadüfi reydlər zamanı ortaya çıxır. Vətəndaş isə qiymət fərqinə aldanıb “təbii” olduğunu düşündüyü məhsulu alır, amma evinə apardığı riskdən xəbərsiz olur.

AQTA-nın bu cür halları aşkar etməsi və sexin fəaliyyətini məhdudlaşdırması təqdirəlayiqdir. Lakin məsələ buradaca bitməməlidir. Çünki bu, tutulan tək bir sexin problemi deyil. Bu, kölgə iqtisadiyyatının, məsuliyyətsiz sahibkarlığın və zəif ictimai nəzarətin nəticəsidir. Bir sex bağlanır, sabah digəri açılır.

Ən acınacaqlısı budur ki, bəzi insanlar “kənd məhsulu” anlayışını artıq marketinq hiyləsinə çevirib. Təbii görünmək üçün boya vurulur, sağlam təsiri varmış kimi təqdim olunur. Halbuki kənd məhsulu etiket yox, vicdan tələb edir.

Bu gün sarı rəngli toyuqdan danışırıq, sabah bəlkə də başqa bir məhsuldan. Problem isə eynidir qazanmaq üçün hər şeyə razı olmaq. İnsan sağlamlığını ikinci plana atmaq.

Nəzarət yalnız reydlə yox, davamlı sistemlə olmalıdır. Cəzalar elə olmalıdır ki, qaydanı pozmaq kimsəyə sərf etməsin. Ən əsası isə vətəndaş da seçim edərkən təkcə ucuzluğa yox, etibara üstünlük verməlidir. Çünki süfrəmiz bizim səssiz güzgümüzdür. Ora nə qoyuruqsa, nəticəsini də gec-tez yaşayırıq.

Leyla Mirzə, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
75
icma.az

1Источники