RU

İcra başçıları sahibkarların işinə müdaxilə etməməli, süni manelər yaratmamalıdırlar - Deputat

Dünən Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına verdiyi çıxışında icra başçılarının sahibkarlara olan münasibətinə toxunub. Dövlət başçısı yerli idarəçilərin sahibkarlara dəstək verməsinin əhəmiyyətini vurğulayıb və bu sahədə olan çatışmazlıqların aradan qaldırılmasının vacibliyini qeyd edib.

Mövzu ilə bağlı Missiya.Az-a danışan Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini, deputat Azər Badamov bildirib ki, Prezident İlham Əliyev ölkədə davamlı şəkildə keçirilən struktur islahatlarla bağlı məsələyə də fikir bildirərək əsas məsələ düzgün kadrların seçilməsində olduğunu qeyd edib:

"Burda xüsusi nümayəndəlik institutu və ya icra hakimiyyətləri olmasının fərqi yoxdur. Dövlət başçısı vəzifələrə təyin olunan bütün kadrların qarşısında eyni vəzifələr qoyur. Təbii ki, dövlət başçısının imzası ilə etimad göstərmək böyük şərəfdir. Amma təəssüf ki, bəzi hallarda vəzifəyə təyin olunmuş kadrlar bu etimadı doğrultmurlar. Belə ki, etimadı doğrultmama halları həm xüsusi nümayəndəlik instituna təyin olunmuş şəxslərdə, həm də icra başçıları arasında olur. Məsələn Naxçıvana təyin olunmuş xüsusi nümayəndə qısa zamandan sonra işdən çıxarıldı. O cümlədən Nəsimi rayonun icra başçısı da 47 gündən sonra vəzifəsindən azad olundu",- deyə o bildirib.

Deputat qeyd edib ki, bu baxımdan dövlət başçısının da qeyd etydiyi kimi düzgün idarəetməni qurmaq üçün ilk növbədə təmiz kadrlar olmalıdır:

"Həm də xüsusi nümayəndə institutu ilə bağlı fikirlər bildirən dövlət başçısı qeyd etdi ki, bu operativ, çevik və az məmurun iştirakını tələb edən idarə metodudur. Təbii ki, gələcəkdə nə vaxtsa bu idarə üsulu bütün ölkə üzrə tətbiq olunsun. Hesab edirəm ki, xüsusi nümayəndə institutu müəyyən çərçivədə fəaliyyət göstərir. İcra hakimiyyətlərin işi daha geniş profillidir. Həm də düzgün iş prinsipi ilə işini qurmuş icra hakimiyyətləri dövlət idarəetmə sistemində böyük töhfələr verir. Harda ki, işində qüsurlara və korrupsiyaya yol vermə halları olanda onlara qarşı sərt tədbirlər görülür. Dövlət başçısı bu istiqamətdə də ictimai nəzarətin güclü olması ilə bağlı fikirlər bildirdi. Dövlət başçısı qeyd etdi ki, məmurların mənfi fəaliyyəti ilə bağlı ictimaiyyətdən siqnallar alınan kimi dərhal araşdırmalara başlanılır".

A.Badamov vurğulayıb ki, bu araşdırmalar müxtəlif qurumlarda aparılır və bu öz təsdiqini taparsa dərhal tədbirlər görülür:

"Bu baxımdan dövlət başçımızın struktur islahatları ilə bağlı səsləndirdiyi fikirlərdən hər bir dövlət məmuru nəticə çıxartmalı və öz fəaliyyətlərini bir daha nəzərdən keçirməlidir. Yəni əsas məqsəd xüsusi nümayəndə institunun qurulması deyil. Burda əsas məqsəd dövlət strukturların şəffaf fəaliyyət göstərməsi, xalqa xidmət etməsi və dövlət başçısının göstərdiyi yüksək etimada sadiq olmasıdır. İcra hakimiyyətlərinin başçıları sahibkarların işinə müdaxilə etməməli, süni manelər yaratmamalı, hesablar tələb etməməlidir. Əksinə İcra hakimiyyətləri sahibkarlığın inkişafına dəstək verməli, yeni iş yerlərinin yaradılımasına şərait yaratmalı və dövlət dəstəyini ifadə etməlidir. Dövlət başçısı tərəfindən yeni təyin olunmuş rəhbərlərin vəzifəsindən azad edilməsi və ya da cəzalandırılması həm də sahibkarlara qarşı tələblər qoymaqda davam edənlər üçün bir mesajdır. Dövlət başçımızın səsləndirdiyi fikrlər bütün məmurlar üçün bir yol xəritəsi olmalıdır. Əks halda işində qüsurlara yol verən məmurlar cəzalanacaqlar",- deputat əlavə edib.

Seyranə QuliyevaMissiya.Az

Избранный
72
missiya.az

1Источники