RU

AQTA: Boyat yeməklər insan orqanizmində fəsadlar yarada bilər

Bayram süfrəsində istehlak olunmayan yeməklərin israf edilməməsi bəzən sonrakı günlərə saxlanılır. Mütəxəssislərin fikrincə, dəfələrlə qızdırılaraq boyat halda yeyilən yeməklər orqanizm üçün ciddi fəsadlara səbəb ola bilər.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən FED.az-a verilən məlumata görə, yumurta, balıq, ət, toyuq, göbələk, mayonez və oxşar riskli məhsullardan hazırlanmış yeməklər iki saatdan artıq süfrədə qalmamalıdır.

Həmin qidalar otaq temperaturunda, açıq şəkildə saxlanıldıqda və vaxtında soyuducuya yerləşdirilmədikdə, sonradan yenidən qızdırılıb istehlak edilməsi tövsiyə olunmur. Çünki düzgün saxlanılma şəraiti olmadıqda yemək qalıqları mikroorqanizmlərin sürətlə çoxalması üçün əlverişli mühitə çevrilir.

El arasında boyat plovun daha dadlı olması ilə bağlı fikirlər mövcuddur. Lakin boyat plovun yenidən isidilərək yeyilməsi sağlamlıq üçün təhlükə yarada bilər. Belə ki, düyü bişirildikdə “Bacillus cereus” bakteriyasının sporları məhv olmur. Plov düzgün bişirilmədikdə və ya uyğun şəraitdə saxlanılmadıqda həmin bakteriyanın inkişafı üçün münbit şərait yaranır. Bakteriyalar tərəfindən sintez olunan toksinlər isə qida mənşəli xəstəliklərə, hətta zəhərlənməyə səbəb ola bilər. Bu zaman şiddətli ürəkbulanma, qusma, bəzən isə qarın ağrısı kimi əlamətlər müşahidə olunur.

Əksər hallarda insanlar yeməyin xarab olub-olmadığını qoxulamaq və ya dadmaqla müəyyən etməyə çalışırlar. Lakin qida zəhərlənməsinə səbəb olan bəzi bakteriyalar qidanın dadını və qoxusunu dəyişmədən belə çoxala bilir. Xüsusilə dəniz məhsulları, süd və süd məhsulları, tort və şirniyyatlar təhlükəli mikroorqanizmlərin və onların toksinlərinin daşıyıcısı hesab olunur. Ona görə də bu tip qidaların saxlanmasına və istehlakına xüsusi diqqət yetirilməsi vacibdir.

Daha ətraflı məlumatı https://afsa.gov.az/az/xeberler/bayat-yemekler-insan-orqanizminde-fesadlar-yarada-biler  linkinə keçid edərək almaq olar.

Избранный
59
17
fed.az

10Источники