Haaqa, 1 yanvar, AZƏRTAC
Niderlandda Yeni il gecəsi zorakılıq və insidentlərlə yadda qalıb. Yanvarın 1-də səhər saatlarında Amsterdamda XIX əsrə aid olan Vondelkerk kilsəsində naməlum səbəbdən güclü yanğın baş verib. 1872-ci ildən şəhərin əsas parklarından birinə baxan və turistik məkan kimi tanınan kilsənin 50 metr hündürlüyündəki qülləsi uçub, dam örtüyü ciddi zərər görüb.
AZƏRTAC xəbər verir ki, həmçinin ölkə üzrə təhlükəsizlik qüvvələrinə qarşı görünməmiş səviyyədə hücumlar qeydə alınıb.
Niderland polis həmkarlar ittifaqının sədri Nine Kooiman Yeni il gecəsi polis və təcili yardım xidmətlərinə qarşı misli görünməmiş zorakılıq yaşandığını bildirib. Onun sözlərinə görə, Amsterdamda növbə çəkərkən özü də üç dəfə fişəng və partlayıcı maddələrlə hədəfə alınıb. Gecəyarısından az sonra hakimiyyət orqanları nadir hallarda istifadə olunan milli mobil xəbərdarlıq yayımlayaraq, həyat üçün real təhlükə olmadıqca, artıq yüklənmiş təcili yardım xidmətlərinə zəng edilməməsi barədə əhaliyə çağırış edib.
Polis və yanğınsöndürənlərə hücumlar ölkənin müxtəlif bölgələrində qeydə alınıb. Cənubdakı Breda şəhərində bəzi şəxslər hüquq-mühafizə orqanlarına qarşı Molotov kokteylləri atıblar. Bundan başqa, fişənglərlə bağlı baş verən qəzalar nəticəsində iki nəfər - 17 yaşlı yeniyetmə və 38 yaşlı kişi - həyatını itirib, daha üç nəfər isə ağır xəsarət alıb.
Hadisələr Yeni il şənlikləri zamanı təhlükəsizlik məsələlərinin Niderlandda yenidən ciddi müzakirə mövzusuna çevrildiyini göstərir.