Bakı, 30 dekabr, AZƏRTAC
Tarix bəzən xalqların taleyində dönüş nöqtələrini elə məqamlarla yaradır ki, bu hadisələr sonrakı nəsillər üçün milli dəyərə çevrilir. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü də belə tarixi məqamlardan biridir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov söyləyib.
Deputat diqqətə çatdırıb ki, bu günün təməli 1989-cu ilin dekabrında Naxçıvanla Cənubi Azərbaycanın Araz boyunca yaşayan soydaşlarının bir-birinə qovuşmaq arzusu ilə başladığı Araz hadisələri ilə qoyuldu. O zaman sovet rejiminin sərhəd məftillərini qıraraq bir-birinə qovuşan azərbaycanlılar, sadəcə fiziki sərhədi deyil, həm də mənəvi baryeri aşdılar. Bu hadisə milli oyanışın, bölünmüş xalqın birliyə can atmasının simvoluna çevrildi.
“Bu ideya sonradan ümumxalq hərəkatına çevrildi və Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1991-ci ildə 31 Dekabr rəsmi şəkildə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunmağa başlandı. Həmrəyliyin mənəvi məğzi sadə, amma dərin məna daşıyır: harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı öz Vətəninə, dilinə və kimliyinə bağlı qalmalıdır”, - deyə A.Allahverənov bildirib.
Onun sözlərinə görə, bu gün Azərbaycan həm iqtisadi, həm siyasi, həm də beynəlxalq miqyasda tamamilə fərqli mərhələdədir. Güclü dövlət strukturu, müstəqil siyasət, regional sabitliyin qorunmasında oynadığı rol, eləcə də diaspor fəaliyyəti milli həmrəyliyin real təzahürünə çevrilib.
“Dünyanın onlarla ölkəsində fəaliyyət göstərən Azərbaycan icmaları artıq təkcə milli mədəniyyətin deyil, həm də dövlət maraqlarının beynəlxalq səviyyədə müdafiəçiləridir. Xaricdəki soydaşlarımızın səsi, Azərbaycanın səsi kimi eşidilir. Müasir dövrdə milli həmrəyliyin ideoloji dayağı azərbaycançılıq fəlsəfəsidir. Bu, təkcə etnik və ya coğrafi anlayış deyil, həm də dövlətçilik düşüncəsinin əsas sütunudur”, - deyə deputat bildirib.
Azər Allahverənov qeyd edib ki, 2024-cü ildə ölkəmizin ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişikliyi üzrə COP29 Konfransı Azərbaycanın beynəlxalq nüfuzunu daha da möhkəmləndirdi. Bu mötəbər tədbir Azərbaycanın ekoloji məsuliyyətini, diplomatik çevikliyini və təşkilatçılıq bacarığını dünyaya nümayiş etdirdi, ölkəmizi qlobal siyasətdə etibarlı tərəfdaş kimi tanıtdı. Bu uğurun məntiqi davamı olaraq, 2026-cı ildə Azərbaycan Ümumdünya Şəhərsalma Forumuna (WUF13) ev sahibliyi edəcək. Forum şəhərsalma, davamlı inkişaf və yaşıl infrastruktur sahəsində Azərbaycanın təcrübəsini təqdim edəcək, Bakının beynəlxalq nüfuzunu daha da artıracaq.
“Bu gün həmrəylik anlayışı təkcə bir bayramın deyil, milli varlığımızın rəmzidir. Xalqımız birliyini qoruduqca, dövlətimiz daha da möhkəmlənəcək”, - deyə deputat əlavə edib.