Xaçmaz rayonunda icra hakimiyyətinin fəaliyyəti dövlət idarəçiliyinin mahiyyətindən uzaqlaşaraq şəxsi maraqlara xidmət edən bir mexanizm təsiri bağışlayır. Burada söhbət təkcə bir vətəndaşın sosial problemindən yox, məmur-vətəndaş münasibətlərində formalaşmış sistemli laqeydlikdən, təkəbbürdən və siyasi məsuliyyətsizlikdən gedir.
Xaçmaz rayonunun Ağçay kənd sakini Asalıyev Vahid Şıxəli oğlu rayon icra hakimiyyətinin inzibati binasının qarşısında çəkdiyi video-müraciətlə acı bir reallığı ictimailəşdirir: problem var, vətəndaş var, amma onu dinləyən və cavabdeh olan yoxdur. Onun iddiasına görə, icra hakimiyyətinin əməkdaşları olan Ceyhun, Elnur və Günel adlı şəxslər vətəndaşın probleminə biganə yanaşıb, onu ciddiyə almayaraq yuxarıdan aşağı münasibət göstəriblər. Bu davranış artıq təkcə etik pozuntu deyil, dövlət məmurunun vətəndaşa qarşı açıq hörmətsizliyidir.
Altı uşaq atası olan Vahid bəy bildirir ki, ünvanlı sosial yardımı kəsilib, lakin səbəbi barədə ona nə yazılı, nə də şifahi əsaslandırılmış izahat verilib. Gününü icra hakimiyyətinin dəhlizlərində keçirən və sonda tam çarəsiz qalan vətəndaş üçün bu proses sadəcə bürokratik əngəl yox, sosial dramdır. Qapıdan qapıya göndərilmək, saatlarla gözləmək və nəticəsiz qalmaq bu gün Xaçmazda vətəndaşın dövlətlə qarşılaşmasının tipik mənzərəsinə çevrilib.
VİDEO: https://www.tiktok.com/@dogruxeber.tv/video/7588643899896319240?_r=1&_t=ZS-92bBfcMh3Kc
Məsələnin hüquqi tərəfi məlumdur: ünvanlı sosial yardımın təyinatı və dayandırılması Dövlət Sosial Müdafiə Fondunun səlahiyyətindədir. Lakin vətəndaşın digər qurumdan çarə tapa bilməyərək icra hakimiyyətinə üz tutması tamamilə məntiqlidir. Çünki icra başçısı problemdən yayınan yox, problemin həllini əlaqələndirən əsas inzibati fiqur olmalıdır. Ancaq görünən odur ki, Xaçmaz rayonunun icra başçısı Elnur Rzayev vətəndaş üçün əlçatmaz məmura çevrilib.
Rayon sakinlərinin söylədiklərinə görə, icra başçısı daha çox öz şəxsi rahatlığı, biznes maraqları və yaxın çevrəsinin təminatı ilə məşğuldur. İddialara əsasən, vəzifəyə təyin olunduqdan qısa müddət sonra qayınatasının adına yarım milyon manatlıq avtomobil alınıb. Bu iddialar rəsmi şəkildə təkzib edilmədiyi müddətdə cəmiyyətdə ciddi və haqlı suallar doğurur: bu vəsaitin mənbəyi nədir və niyə sosial problemlər fonunda dəbdəbəli həyat tərzi ön plana çıxır?
Daxil olan məlumatlar göstərir ki, rayon sakinlərinin əhəmiyyətli bir hissəsi problemlərinin həllini artıq icra strukturlarında yox, mediada axtarır. Bu isə o deməkdir ki, yerli icra hakimiyyəti vətəndaş üçün çıxış yolu deyil, əlavə maneəyə çevrilib.
Rayonun digər sakini Şaiq adlı vətəndaşın həyətyanı sahəsinə gedən yolun açılması üçün son ümid kimi Allaha müraciət etməsi isə vəziyyətin nə dərəcədə acınacaqlı olduğunu açıq göstərir. Vətəndaş dövlət institutlarından ümidini kəsir, məmur susur, problem isə olduğu kimi qalır.
Daha narahatedici məqam ondan ibarətdir ki, daxil olan məlumatlara görə, rayonun aktiv sakinləri və jurnalistləri müxtəlif üsullarla təsir altına salınmağa çalışılır, tənqidi mövqelər neytrallaşdırılır. Məqsəd aydındır: yarıtmaz idarəetməni ört-basdır etmək. Lakin ictimai narazılıq dərinləşdikcə bu cəhdlərin nəticə vermədiyi də ortadadır.
Bu yazı şəxsi hücum deyil. Bu, dövlət idarəçiliyində yaranmış boşluqlara və sosial ədalətsizliyə diqqət çəkmək cəhdidir. Çünki icra başçısı kreslosunu xalqdan üstün tutduğu anda dövlət-vətəndaş münasibətləri zədələnir və etimad sarsılır.
Bu gün Xaçmazda vətəndaş probleminin həlli üçün icra hakimiyyətinin qapısında yox, kamera qarşısında və media vasitəsilə səsini ucaltmaq məcburiyyətində qalırsa, bu artıq ciddi siqnaldır."DogruXeber.tv"
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта