RU

Müavinət və təqaüdlərin artması inflyasiyanın yüksəlməsinə səbəb ola bilər? İQTİSADÇI AÇIQLADI

ain.az, Sia Az saytına istinadən bildirir.

"Müavinət və təqaüdlərin artması ümumi iqtisadi nəzəriyyəyə görə tələbatı dəstəkləyən amillərdən biridir. Doğrudur ki, əmək haqlarının, müavinətlərin və təqaüdlərin yüksəldilməsi nəzəri baxımdan qiymətlərə artırıcı təsir göstərə bilər. Çünki əhalinin gəlirləri artdıqca istehlak imkanları genişlənir və bu da tələbatın yüksəlməsinə səbəb olur. Lakin real iqtisadi vəziyyət və mövcud statistik göstəricilər göstərir ki, Azərbaycanda inflyasiyanın əsas mənbəyi bu amil deyil". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Xalid Kərimli deyib.

Onun sözlərinə görə, Mərkəzi Bankın hesablamalarına əsasən, bazarda qiymət artımına təsir edən əsas faktorların 60–70 faizi idxal ilə bağlıdır:

"Yəni ölkə daxilində istehlak olunan məhsulların əhəmiyyətli hissəsi xaricdən gətirilir və bu məhsulların qiymətləri əsasən beynəlxalq bazarlardakı dəyişikliklərdən asılıdır. Qlobal inflyasiya, logistika xərclərinin artması, enerji daşıyıcılarının bahalaşması və tədarük zəncirindəki problemlər idxal olunan məhsulların qiymətlərinə birbaşa təsir göstərir. Bununla yanaşı, manatın nominal effektiv məzənnəsinin aşağı düşməsi də idxal inflyasiyasını gücləndirən əsas amillərdəndir. Manatın digər ölkələrin valyutalarına nisbətən zəifləməsi idxal olunan malların daxili bazarda daha baha başa gəlməsinə səbəb olur. Nəticədə, qiymət artımı daxili tələbatdan yox, əsasən xarici amillərdən qaynaqlanır. Faktiki vəziyyət onu göstərir ki, hazırda ölkədə pul artıqlığı və ya pul kütləsinin həddindən artıq artması ilə əlaqədar inflyasiya müşahidə edilmir. Yəni inflyasiya monetar səbəblərdən deyil, daha çox struktur və xarici faktorlarla bağlıdır. Bu baxımdan, 2025-ci ildə və ondan əvvəlki illərdə də inflyasiyanın əsas səbəbi daxili sosial ödənişlərin artımı yox, məhz idxal qiymətlərindəki yüksəliş olub. Beləliklə, müavinət və təqaüdlərin artırılması inflyasiyanın əsas mənbəyi kimi qiymətləndirilə bilməz. Əksinə, bu artımlar əhalinin sosial rifahının qorunmasına, xüsusilə də inflyasiyanın mənfi təsirlərinin yumşaldılmasına xidmət edir. Yəni mövcud şəraitdə təqaüd və müavinətlərin artmasının inflyasiyaya birbaşa və həlledici təsiri yoxdur".

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
25
33
sia.az

10Источники