Azərbaycanın Hindistandakı səfirliyində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə tədbir keçirilib.
Hafta.az ölkəmizin Hindistandakı səfirliyinə istinadən xəbər verir ki, tədbirdə diplomatik korpusun əməkdaşları və onların ailə üzvləri, həmçinin Nyu-Dehlidə yaşayan və paytaxtda səfərdə olan azərbaycanlılar iştirak ediblər.
Ölkəmizin Hindistandakı səfiri Elçin Hüseynli çıxış edərək bildirib ki, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə təsis edilmiş Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlını birləşdirməyə, milli birlik və həmrəylik ruhunu gücləndirməyə xidmət edir. Onun sözlərinə görə, bu əlamətdar gün milli kimliyimizin qorunması, soydaşlarımızın bir amal ətrafında sıx birləşməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Səfir vurğulayıb ki, yaşadıqları ölkədən asılı olmayaraq bütün azərbaycanlılar Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müstəqil, suveren və güclü Azərbaycan dövlətinin maraqlarının qorunmasında, onun zəngin tarixi və mədəni irsinin təbliğində fəal iştirak etməlidirlər.
Tədbirdə Azərbaycanın son illərdə keçdiyi inkişaf yolundan, əldə olunan mühüm nailiyyətlərdən danışılıb, Vətən müharibəsində qazanılan tarixi Zəfərin əhəmiyyətindən bəhs edilib.
