RU

Qat-qat geyinməyin yeni kodları - FOTO

Bu mövsüm qat-qat geyinmək küçə stilinin ana qaydasına çevrilib. Düzgün ölçü, balanslaşdırılmış kontrast və kiçik üslub toxunuşları ilə üst-üstə geyinməyin incəliklərini kəşf edin.

Milli.Az xəbər verir ki, kombinasiyasına dərinlik və ölçü qatmaq istəyənlər üçün bu mövsüm layering üslubu küçələrə hökmranlıq edir. Cins şalvarın üzərindən "slip" don və ya üst-üstə üç tişört geyinmək artıq təəccüblü qarşılanmamalıdır. Lakin burada vacib məqamlara diqqət yetirmək lazımdır. Çünki mövsümün əsas kodları sadəcə təsadüfi parçaları bir araya gətirmək deyil, onları düzgün yerləşdirməkdən ibarətdir.

Böyük ölçülü (oversize) poplin köynək, geniş balaqlı cins və ziddiyyətli toxumaya malik üst geyimindən ibarət bu görünüş, eninə və uzununa xətt detalları ilə zənginləşdirilərək qat-qat üslubuna ağıllı bir yanaşma nümayiş etdirir. Əsas parça olan mavi zolaqlı köynək, volanlı forması sayəsində kombinasiyanın daşıyıcı sütununa çevrilib. Onun üzərindəki geyim isə ölçü balansını qoruyaraq görünüşə kontrast qatıb. Saç bandı kimi istifadə edilən nazik şərf isə qatlara qrafik toxunuş əlavə edərək xətt oyununu şüurlu bir stil seçiminə çevirib. Öz daxilində balansı olan parçalarla yorulmadan şık görünmək prinsipi uğurla nəticələnib.


Mövsüm trendlərində yüksəlişə keçən atlaz (saten) donları maskulin parçalarla bir araya gətirmək qat-qat üslubuna sofistike bir ruh qatır. Dantel detallı qara mini don bu tərzin baş rolundadır. Ona yoldaşlıq edən ağ və bej rəngli şalvarlar qaranın sərt künclərini yumşaldır. Qara trençkot isə görünüşə tarazlıq gətirir. Belə bağlanan və ya boyunbağı kimi daşınan çantalar isə üslubun aksesuarlarla da dəstəklənə biləcəyini sübut edir. Bu kombinasiyanın həlli çox sadədir: cəsarət və balans.


Bu görünüşdə layering üslubunun dinamik və modern halı vurğulanır. Parçalar içəridən çölə doğru geyinilərək "tərs qatlama" üslubu tətbiq olunub. Elektrik narıncı rəngli sviter ilk baxışda əsas element kimi görünsə də, alt qatdakı dama-dama (ekose) detalı sürpriz yaradır. Orta qatdakı klassik kəsimli mavi köynək kombinasiyaya fərahlıq qatarkən, çoxrəngli daşlı bandana parıltı effekti ilə stili daha üst səviyyəyə daşıyır. Blazer pencəyi başqa parçaların ardına gizlətmək və ya şalvarın üzərindən mini ətək geyinmək tamamilə yeni bir stilin xəbərçisidir.

Lalə Qüdrətova
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Избранный
120
1
milli.az

10Источники