RU

Quru sərhədlərini AZAL-a görə bağlamaq – Natiq Cəfərlidən maraqlı açıqlama

ReAL Partiyasının sədri, tanınmış iqtisadçı Natiq Cəfərli Azərbaycanın quru sərhədlərinin bağlı qalması və bu qərarın AZAL-ın maraqları ilə əlaqələndirilməsi barədə geniş analitik mövqeyini açıqlayıb.

Musavat.com xəbər verir ki, Natiq Cəfərli artıq 5 ildir ardıcıl şəkildə quru sərhədlərin bağlı saxlanılmasını tənqid etdiklərini bildirib.

NATİQ

Onun sözlərinə görə, ictimai müzakirələrdə tez-tez səslənən “sərhədlər AZAL qazansın deyə bağlıdır” tezisi reallığı əks etdirmir və rəqəmlərlə təsdiqlənmir.

İqtisadçı qeyd edib ki, AZAL-ın fəaliyyətinə dair rəsmi maliyyə göstəriciləri bu iddianın zəif olduğunu göstərir. Belə ki, 2021-ci ildə quru sərhədlər tam bağlı olduğu halda AZAL 61 milyon 659 min manat xalis zərər edib. 2022-ci ildə şirkət 110 milyon 620 min manat xalis mənfəət əldə etsə də, həmin il dövlət büdcəsindən aldığı subsidiyaların həcmi 108 milyon 809 min manat təşkil edib. 2023-cü ildə isə AZAL 117,683 milyon manat xalis mənfəət göstərib və eyni ildə büdcədən 21,24 milyon manat subsidiya alıb. 2024-cü ilin yekun nəticələri hələ açıqlanmasa da, bu dövrdə təxminən 6 milyon manat subsidiya verildiyi məlumdur.

Cəfərli vurğulayıb ki, böyük ehtimalla 2024–2025-ci illərdə AZAL-ın xalis mənfəəti 100–120 milyon manat, yəni 65–70 milyon dollar civarında olacaq. Onun fikrincə, “ildə təxminən 70 milyon dollara görə quru sərhədlərin bağlı saxlanılması məntiqli deyil və ciddi sosial narazılıq yaradan belə qərarın əsas səbəbi AZAL ola bilməz”.

İqtisadçı əlavə edib ki, quru sərhədlər açıq olacağı təqdirdə belə AZAL yenə də mənfəətlə işləyəcəkdi. Sadəcə, mənfəətin həcmi azala, məsələn, 30–35 milyon dollar səviyyəsində ola bilərdi. Çünki AZAL hələ də sahədə təkəl mövqedədir və Avropa ilə Asiya istiqamətindəki reyslər quru sərhədlərin açıq və ya bağlı olmasından birbaşa asılı deyil.

Natiq Cəfərli xüsusilə Gürcüstan istiqamətini misal çəkərək bildirib ki, sərhədlər açıq olan dövrdə də bu marşrut üzrə təyyarə reyslərinə ciddi tələbat var idi. Onun sözlərinə görə, fərdi səyahətlər zamanı onun özü də çox vaxt avtomobildən daha sərfəli olduğu üçün təyyarə ilə Tiflisə uçurdu: “200 manat civarında bilet alıb 50 dəqiqəyə Tiflisə çatmaq mümkün idi. Maşınla isə benzin, yol xərcləri, vaxt itkisi və sərhəddə gözləmə xərci ümumilikdə daha baha başa gəlirdi”.

Sonda ReAL Partiyasının sədri belə nəticəyə gəlib ki, “AZAL-a görə quru sərhədlər bağlıdır” iddiası əsassızdır: “Özünə hörmət edən dövlət ildə 30–35 milyon dollara görə vətəndaşlar arasında bu qədər narazılıq yaradan və ölkənin beynəlxalq imicinə zərər vuran qərar qəbul etməz”.

Избранный
45
19
millitv.net

10Источники