RU

Hər zaman xalqının yanında

AZAL-a məxsus "Embraer 190" tipli sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramasından bir il ötür 

Bir il əvvəl- dekabrın 25-i səhəri Azərbaycan xalqı üçün zaman sanki dayanmışdı,  AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması xəbəri bir anın içində ölkəni qəmli sükuta qərq etmişdi...

Kütləvi informasiya vasitələrində, sosial mediada yayımlanan və qəzanın necə baş verməsini anbaan əks etdirən kadrlar faciənin miqyasının böyüklüyünü göstərirdi. Səmadan süzülərək yerə çırpılan nəhəng hava gəmisi bir andaca ikiyə bölünür, alovlara bürünür və göy üzünü qara tüstü bürüyürdü. Və bu dəhşətli mənzərəni izləyən hər kəs eyni sözləri təkrarlayırdı: bu cür qəzadan sağ çıxmaq mümkün deyil.

Amma həmin gün insan iradəsinin nələrə qadir olduğunu gördük, qəza ilə bağlı yayılan yeni görüntülərdə qapqara tüstü arasından həyat işığının göründüyünü izlədik. Parçalanmış təyyarənin quyruq hissəsindən çıxan və titrək addımlarla irəliləyən insanlar - qorxu, ümid və yaşam arasında möcüzənin canlı şahidlərinə çevrilənlər, qəzadan sağ qurtulanlar vardı. Həyat ölümə qalib gəlmişdi.

Bu möcüzənin adı peşəkarlıq idi, fədakarlıq idi, son nəfəsədək vəzifə borcuna sədaqət idi. Ölüm-dirim savaşında geri çəkilməyən, səmada insan talelərini çiyinlərində daşıyan pilotlar İqor Kşnyakin, Aleksandr Kalyaninov və bələdçi Hökumə Əliyeva son ana qədər mübarizə sükanını buraxmamışdılar.  Qəhrəman pilotlar öz həyatları bahasına başqalarına yaşamaq şansı vermişdilər. 

Həmin tarixdə Bakı-Qroznı reysini həyata keçirən "Azərbaycan Hava Yolları"na  məxsus "Embraer 190" tipli sərnişin təyyarəsinin labüd qəzadan qaçışının olmadığını anlayan ekipaj heyəti son ana qədər bütün güclərini səfərbər edərək, qaçılmaz fəlakətin nəticələrini mümkün qədər azaltmaq, sərnişinləri düzgün təlimatlandırmaq, onları həm fiziki, həm də mənəvi baxımdan baş verəcəklərə hazırlamaq üçün əllərindən gələni etdilər. Ən əsası isə insanların qəlbində yaşamaq ümidini sönməyə qoymadılar. Məhz həmin məşum dəqiqələrdə təyyarənin salonunda Hökumə Əliyevanın dilindən səslənən və bu gün də hər birimizin qulağında təkrarlanan - "Hər şey yaxşı olacaq!"- sözləri yaşamla ölüm arasında körpüyə çevrildi. Bu cümlə sərnişinlər üçün, sadəcə, təsəlli deyildi, bu, ümidin özü idi. Azacıq titrək, lakin son dərəcə inamlı səslə deyilən bu sözlər insanları həyata elə möhkəm bağladı ki…  

İstər yerli, istərsə də xarici mütəxəssislər birmənalı şəkildə vurğulayırlar ki, həmin dəhşətli qəzada 29 insanın sağ qalması məhz pilotların yüksək peşəkarlığı nəticəsində mümkün olub. Öz işinin əsl ustaları olan İqor Kşnyakin və Aleksandr Kalyaninov təyyarəni münasib yerə endirmək, zərbənin təsirini azaltmaq üçün peşəkarlıq nümayiş etdirib və son vəzifə borclarının öhdəsindən layiqincə gəliblər. İqor Kşnyakin, Aleksandr Kalyaninov və Hökumə Əliyevanın peşəkarlıqları, təmkinləri və polad iradələri sayəsində təyyarədə olan 67 nəfərdən 29 nəfər sağ qalıb. 

Prezident İlham Əliyevin sərəncamı ilə həlak olan ekipaj üzvləri - İqor İvanoviç Kşnyakin, Aleksandr Georgiyeviç Kalyaninov və Hökumə Cəlil qızı Əliyevaya ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

Digər ekipaj üzvləri Zülfiqar Əsədov və Aydan Rəhimli 1-ci dərəcəli "Rəşadət" ordeni ilə təltif olunublar. 

Azərbaycan təyyarəsi Rusiya səmasında vurulub

AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı Qazaxıstan Nəqliyyat Nazirliyinin bu il fevralın 4-də açıqladığı ilkin hesabatda əks olunan dəlillər və faktlar göstərir ki, Azərbaycan təyyarəsi Rusiya səmasında, Qroznı üzərində vurulub. 

Amma bu hesabata qədər qəza ilə bağlı faktları, dəlilləri, sübutları dəyərləndirən beynəlxalq və yerli ekspertlərin səsləndirdiyi rəylər, ən əsası qəzaya uğrayan təyyarənin sərnişinlərinin - şahidlərin dedikləri təkzibedilməz şəkildə ortaya qoyurdu ki, sərnişin təyyarəmiz Rusiya səmasında atəşə məruz qalıb. 

Təyyarə qəzasının ilk günündən baş verən hadisəyə sərt reaksiya bildirən və onun başvermə səbəblərinin araşdırılmasını birbaşa diqqət mərkəzində saxlayan Prezident İlham Əliyev bu il  yanvarın 6-da "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinə məxsus Bakı-Qroznı reysini yerinə yetirərkən qəzaya uğramış "Embraer 190" tipli sərnişin təyyarəsinin həlak olan ekipaj heyətinin ailə üzvləri və qəza zamanı sağ qalan təyyarə bələdçiləri ilə görüşü zamanı bildirmişdi ki, Qroznı şəhərində "kavyor əməliyyatı", yəni hava sahəsinin bağlanması əməliyyatı təyyarə yerdən vurulandan sonra elan edilib: "Bu, bir daha onu göstərir ki, burada çox ciddi cinayət tərkibli məsələlər var".    

Prezident İlham Əliyev onu da vurğulamışdı ki, Rusiyanın dövlət qurumları tərəfindən bu hadisəni ört-basdır etmək və cəfəng versiyalar üzərində dayanmaq bizdə həm təəccüb, həm təəssüf, həm də haqlı olaraq hiddət hissi doğurur. 

Baş verən faciə Azərbaycan-Rusiya münasibətlərində ciddi gərginlik yaratmışdı. Ən ali səviyyədə Azərbaycan tərəfi Rusiyadan törətdiyi əmələ görə üzr istəməyi, kompensasiya ödəməyi və bu faciənin törədilməsində günahı olanların cəzalandırılmasını qətiyyətlə tələb etmişdi. Qəza baş verdikdən bir az sonra Rusiya Prezidenti Vladimir Putin dövlətimizin rəhbərinə zəng vuraraq bununla bağlı üzrxahlığını dilə gətirmişdi, amma digər tələb olunan məsələlər açıq qalmışdı ki, bu da təbii olaraq iki dövlət arasında münasibətlərin soyumasına gətirib çıxarmışdı. 

Qəza baş verən gündən AZAL təyyarəsinin Rusiya səmasında vurulması, hətta hansı tip silahla vurulması belə aydın olsa da, Moskva tərəfindən günahın gah pilotlarımızda olduğu deyilir, gah da guya hava gəmisinin quş sürüsü ilə toqquşması, oksigen balonunun partlaması kimi yalanlar ortaya atılırdı. Ancaq faktlar və şahidlər təyyarəmizin məhz Rusiya səmasında vurulduğunu deyirdi. 

Təyyarə atəşə məruz qalıb

Qazaxıstan Nəqliyyat Nazirliyinin ilkin hesabatından da aydın olur ki, Bakıdan Qroznıya Æ2-8243 reysi üzrə müntəzəm uçuş həyata keçirən "Embraer 190" tipli sərnişin təyyarəsi Rusiyanın hava məkanında, Qroznı hava limanı üzərində GPS siqnallarının itməsi halı ilə üzləşib. AZAL təyyarəsi hava şəraitinin əlverişli olmaması səbəbindən Qroznı üzərində ikinci enişi yerinə yetirə bilmədikdən sonra kapitan Bakıya qayıtmaq barəsində qərar verib. Bu qərarın qəbul edilməsindən sonra Qroznı üzərində CVR-da (Cockpit Voice Recorder-kabina diktofonu)  24 saniyə aralıqla iki dəfə kənar səsin gəlmə faktı qeydiyyata alınıb.

CVR və FDR (Flight Data Recorder - uçuş məlumatları qeydiyyatçısı) məlumatlarının tutuşdurulması nəticəsində müəyyən edilib ki, birinci kənar səsdən 4 saniyə sonra 3-cü hidravlik sistem, 6 saniyə sonra 1-ci hidravlik sistem, 21 saniyə sonra 2-ci hidravlik sistem funksionallığını itirməklə sıradan çıxıb.

Hava gəmisinin füzelyajında çoxsaylı dəlib keçən və kor zədənin olması faktı aşkar olunub və foto, habelə video qeydiyyata alınıb. 

O da bildirilir ki, 05:13:32-də hava gəmisinin əsas idarəetmə sistemləri itirilir, 05:21:42-də əlaqələndirici dispetçer "kavyor əməliyyatı" barədə Qoznıya məlumat verir. 

Bütün bunlardan aydın göründüyü kimi, Azərbaycana məxsus təyyarə Qroznı üzərində atəşə məruz qalıb, ardıcıl bir neçə atəş açılıb, hava gəmisinin əsas idarəetmə sistemləri 05:13:32-də sıradan çıxıb, əlaqələndirici dispetçer isə "kavyor əməliyyatı" barədə Qroznıya 8 dəqiqə sonra - 05:21:42-də məlumat verib. Yəni təyyarə ekipajının bu əməliyyat barədə əvvəlcədən xəbər tutması mümkün deyil.

Qəza Baş Prokurorluq və Nəqliyyat Nazirliyi tərəfindən araşdırılır

Cari il oktyabrın 9-da Tacikistanın paytaxtı Düşənbədə keçirilən MDB Dövlət Başçıları Şurasının iclası çərçivəsində dövlətimizin başçısı İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında baş tutan görüşün əsas mövzularından biri də 25 dekabr 2024-cü ildə baş vermiş təyyarə qəzası oldu. 

Rusiyanın HHM sistemlərinin bu faciəyə səbəb olduğunu etiraf edən Kreml rəhbəri əlavə etdi ki, bu cür faciəli vəziyyətlərdə tələb olunduğu kimi, Rusiya tərəfindən kompensasiya üzrə hər şey ediləcək və bütün vəzifəli şəxslərin hərəkətlərinə hüquqi qiymət veriləcək.

Bu il dekabrın 3-də Qazaxıstan Baş nazirinin müavini Kanat Bozumbayev məlumat verib ki, Aktau yaxınlığında AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaq iki hissəyə bölünür. Cinayət tərkibi Baş Prokurorluq, aviasiya hadisəsinin özü isə Nəqliyyat Nazirliyi tərəfindən araşdırılır: "Nəqliyyat Nazirliyi istintaqın son mərhələsindədir. Hazırda lisenziyalar və ya texnologiya sahiblərindən yekun rəy gözləyirik. Prinsip etibarilə, Nəqliyyat Nazirliyi ilə bağlı istintaqı başa çatdırmağa hazır olacağıq. Ola bilsin ki, bu il və ya gələn ilin əvvəlində. Baş Prokurorluğa gəldikdə isə orada da irəliləyiş var".

25 dekabr 2024-cü ildə baş verən qəza, sadəcə, aviasiya hadisəsi deyildi. Bu, səmaya hökm edən insanların yazdığı qəhrəmanlıq dastanı idi. Üzərindən nə qədər zaman keçsə də, o günün ağrısı da, qüruru da xalqımızın yaddaşında yaşayacaq. 

Yasəmən MUSAYEVA,

"Azərbaycan"

Избранный
31
azerbaijan-news.az

1Источники