RU

Media və sosial şəbəkələrdə ana dilinin normaları zədələnir - AÇIQLAMA

Dil bir millətin yaddaşı, kimliyi və gələcəyə ötürdüyü ən qiymətli mirasdır. Təəssüf ki, son dövrlərdə gündəlik danışıqda, mediada və sosial platformalarda ana dilimizin sözləri kənara sıxışdırılır, yerini yad dillərdən alınmış ifadələr tutur. Bu proses davam etdikcə dilimizin daxili harmoniyası pozulur və xaotik bir forma alır.

Mövzu ilə bağlı sosioloq Elçin Bayramlı Missiya.Az-a açıqlamasında bildirib ki, son dövrlərdə çox insan dilimizə istədiyi kimi “yamaq” vurur, müxtəlif dillərdən – xüsusilə türk, ingilis və rus dillərindən – sözlər və ifadələr gətirilərək ana dilimizin öz sözləri ilə əvəzlənir. Bu isə dilimizin strukturunu zəiflədir, onun təbii axarını pozur:"Bu problemin əsas səbəblərindən biri media və sosial şəbəkələrdə müşahidə olunur. Televiziya kanallarında, xəbər saytlarında və onlayn platformalarda qeyri-peşəkar, dil qaydalarına laqeyd yanaşan jurnalist və redaktorların fəaliyyəti dilin korlanmasına birbaşa təsir edir. Söz seçiminə, cümlə quruluşuna və terminlərin düzgün istifadəsinə kifayət qədər diqqət yetirilmir",- Elçin Bayramlı bildirib.

Sosioloqun sözlərinə görə, xüsusilə idman jurnalistikası bu baxımdan daha acınacaqlı vəziyyətdədir. Bir çox idman şərhçilərinin istifadə etdiyi ifadələrin Azərbaycan dili ilə demək olar ki, heç bir əlaqəsi yoxdur. Xarici dillərdən köçürülmüş sözlər tamaşaçıya “normal” təqdim olunur və zamanla dilə hopdurulur. Digər ciddi problem isə nəsillərarası ünsiyyət boşluğudur. Yeni nəsil xarici cizgi filmləri, seriallar və sosial media təsiri altında elə bir dildə danışır ki, bəzən nənə və babaları ilə bir-birini başa düşməkdə çətinlik çəkir. Bu, təkcə dil problemi deyil, həm də mədəni bağların zəifləməsi deməkdir.

"Yeni söz və terminlərin dilə daxil edilməsi mümkündür, lakin bu proses elmi-texniki terminlərlə məhdudlaşmalı və Dilçilik İnstitutu kimi rəsmi qurumlar tərəfindən tənzimlənməlidir. Hər hansı yeni söz rəsmi lüğətlərə daxil edilmədən kütləvi istifadəyə buraxılmamalıdır. Eyni zamanda dövlət qurumları, media və təhsil müəssisələri dil qaydalarına riayət olunmasına ciddi nəzarət etməlidir",-Eçin Bayramlı əlavə edib.

İlahə Qənbərli

Missiya.Az

Избранный
34
missiya.az

1Источники