RU

Şou-biznesin Famili: Əvvəli və sonrası...

Şou-biznesin görünməyən bir “qəhrəmanı” var. Onun adı tək bir şəxsə yox, bütöv bir davranış modelinə çevrilib. Bu modelin adı artıq dillərdə ad kimi dolaşır: “Famil tipi”. Evli ola-ola paralel münasibətlər quran, gücünü, pulunu və təsirini qadınların zəif nöqtələrinə toxunduraraq istifadə edən, sonra isə məsuliyyəti inkar edib kənara çəkilən kişi obrazı.

Bu tip kişilər şou-biznesə sevgi ilə yox, ovçu instinkti ilə baxır. Gənc, tanınmaq istəyən, emosional boşluqda olan qadın müğənnilər onlar üçün “hədəf”dir. Əvvəl diqqət, sonra vəd, ardınca qoruma illüziyası verilir. Qadın özünü seçilmiş sanır. Əslində isə istifadə olunan olur.
Heç bilirsiniz, indi nə qədər qadın Şəbnəm Tovuzlunun yerində olmaq istəyir?!
Daha acı həqiqət buradadır: bu münasibətlərdə qadınlar da yalnız qurban deyil. Onların bir qismi bilə-bilə bu yola girir. Evli olduğunu bilə-bilə. Ailəsi olduğunu bilə-bilə. Hətta uşaqları olduğunu bilə-bilə. Burada artıq sadəlövhlükdən yox, əxlaq kasadlığından danışmaq məcburiyyəti yaranır.
Şou-biznes qadını bəzən özünü dəyərli hiss etmək üçün yanlış ünvan seçir. “Məni evli ola-ola seçdi” düşüncəsi sevgi yox, eqonun aclığıdır. Bu aclıq isə qadını mərhəmətdən, empatiyadan, başqa bir qadının - arvadın, ananın - yerində özünü qoymaq qabiliyyətindən məhrum edir.
Nəticə isə həmişə eynidir. Münasibət bitir. Kişi yoluna davam edir. Qadın tərk edilir. “Sən özün razı idin” cümləsi ilə. Dünənə qədər vədlər verən kişi bu gün məsuliyyəti qadının üzərinə atır. Şou-biznes tarixində neçə belə hekayə var - adlar dəyişir, ssenari yox.
Hələ Vəfa Şərifovaya həsəd aparan qadınlar da mövcuddur...
Mediada səslənən iddialara görə, bu tip münasibətlərdən dünyaya gələn uşaqlar da var. Məsələn, Famil Xəlilovun Vəfa Şərifova ilə münasibətindən iki övladının olduğu açıq mənbələrdə dəfələrlə qeyd edilib. Bu məqam artıq şou, qalmaqal və ya etik mübahisə deyil: bu, real həyatdır. Burada məsələ kim kiminlə yatdı yox, kim hansı məsuliyyəti daşıdı sualıdır.
Amma diqqət edin: cəmiyyət yenə əsas zərbəni qadına vurur. Halbuki bu münasibətləri planlayan, paralel həyat quran, yalanla idarə edən kişi modelidir. Digər tərəfdən isə qadınlar da özlərini tam günahsız elan edə bilməz. Evli kişini “şans”, “təminat”, “arxa” kimi görmək əxlaqın tükəndiyi nöqtədir.
Şou-biznesin Famili qadınları yoldan çıxarır, bəli. Amma qadınlar da çox vaxt bilə-bilə o yola girir. Sonra isə hər iki tərəf susur, uşaqlar qalır, ailələr dağılır, travmalar nəsildən-nəslə ötürülür.
Bu hekayədə romantika yoxdur. Burada güc var, psixoloji natamamlıq var, məsuliyyətsizlik var. 
Və ən pisi normallaşdırma var. Bu normallaşma bitmədikcə, “Famil”lər, "Həci"lər dövrə vuracaq. 
Əxlaq təkcə qadından tələb olunmamalıdır. Amma qadın da bilməlidir: evli kişinin kölgəsində qurulan həyat, sonda kölgə kimi silinir.
“Yeni Sabah”
Избранный
17
50
yenilik.az

10Источники