RU

Təhsildə yeni yanaşma: Fərdi öyrənmə

Bakı, 16 dekabr, AZƏRTAC

Rəqəmsal texnologiyaların sürətlə inkişafı təhsil sahəsində də yeni yanaşmaların formalaşmasına səbəb olur. Xüsusilə süni intellektin imkanları öyrənmə prosesinin daha çevik, fərdiləşdirilmiş və səmərəli təşkilinə geniş şərait yaradır. Bu baxımdan fərdi öyrənmə modeli müasir təhsilin əsas istiqamətlərindən biri kimi ön plana çıxır. Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradov süni intellektin təhsildə tətbiqi və fərdi öyrənmənin əhəmiyyəti ilə bağlı fikirlərini AZƏRTAC-ın müxbiri ilə bölüşüb.

Rektor bu sahədə yaranan yeni imkanlardan danışıb: “Sürətlə dəyişən dünyada öyrənmə artıq “hamı üçün eyni” yanaşma ilə məhdudlaşmır. Bəllidir ki, hər bir insanın özünəməxsus güclü və zəif tərəfləri, fərqli öyrənmə maraqları və məqsədləri var. Bu isə hər bir təhsilalana fərdi və fərqli yanaşmanı vacib edir. Fərdi öyrənmədə bu gün süni intellektin alternativi yoxdur. İlk növbədə, süni intellekt fərdi ehtiyaclara uyğunlaşdırılmış öyrənmə planları yaratmaqla öyrənməni daha cəlbedici və effektiv edir. Süni intellekt əsasən, insan zəkası tələb edən tapşırıqları yerinə yetirə bilən sistem kimi böyük miqdarda məlumatı təhlil edir, ondan öyrənir və həmin bilikləri yeni şəraitlərə tətbiq edir. Müxtəlif mənbələrdən məlumat toplayaraq, təhsilalanın təhsildə irəliləyişinə uyğun dəyişən fərdi öyrənmə təcrübələri yaradır. Süni intellekt həm də öyrənmə materialı ilə təhsilalanın qarşılıqlı əlaqəsini təhlil edərək potensial öyrənmə çətinliklərini müəyyənləşdirə, uyğun müdaxilələr edə bilər. Çox önəmlidir ki, bir çox süni intellekt platformaları şəxsi məqsədlər qoymağa imkan verir və bu da təhsilalanın öyrənmə planını həm də onların arzularına uyğunlaşdırır”.

Ə.Muradov qeyd edb ki, fərdi öyrənmə süni intellektin imkanları əsasında hər bir şəxsin bilik səviyyəsinə, maraqlarına və öyrənmə tempinə uyğun qurulan müasir təhsil yanaşmasıdır. Bu modeldə öyrənmə prosesi mərhələli şəkildə irəliləyir, anlayışlar möhkəmləndirilmədən növbəti mərhələyə keçid edilmir. Davamlı əks-əlaqə və fərdiləşdirilmiş tapşırıqlar motivasiyanı artırır, həmçinin istənilən zaman və məkanda öyrənmə imkanı təhsili daha əlçatan və effektiv edir.

“Fərdi öyrənmə hər bir insanın öyrənmə unikallığına uyğun bir prosesdir və bir çox üstünlüklərə malikdir. Süni intellekt öyrənənin güclü və zəif tərəflərini təhlil edərək ona uyğun xüsusi resurslar tövsiyə edir. Hər kəs öz öyrənmə bacarığına və sürətinə uyğun şəkildə irəliləyir. Süni intellekt əvvəlki mövzu tam başa düşülmədən növbəti mərhələyə keçməyə imkan vermir. Fərdi və maraqlı məzmun öyrənmə motivasiyasını artırır. Testlər və tapşırıqlar üzrə anında rəy təqdim olunur, eyni zamanda, öyrənənin hansı mərhələdə olduğu aydın şəkildə göstərilir. Süni intellekt alətləri istənilən vaxt və istənilən yerdə istifadə oluna bildiyi üçün təhsili daha da əlçatan edir”, - deyə rektor bildirib.

Избранный
29
1
azertag.az

2Источники