RU

Larisa Tarusova: Uşaq teatrı ciddi mədəni səviyyədə də tələbatlı ola bilər

Bakı, 15 dekabr, Günel Alıyeva, AZƏRTAC

Ümumilikdə Azərbaycanda uşaq teatrının mövcud vəziyyətini müsbət qiymətləndirərdim: təşəbbüslər əsasən güclü istəyə, uşaqların canlı marağına və ayrı-ayrı müəssisələrin nadir, lakin əhəmiyyətli dəstəyinə söykənir.

Bu fikirləri AZƏRTAC-ın müxbiri ilə söhbətində “Günay” uşaq teatrının bədii rəhbəri və baş rejissoru Larisa Tarusova bildirib.

Onun sözlərinə görə, kollektivin uzun illər ərzində fəaliyyətini davam etdirməsi bu sahənin əhəmiyyətini göstərən əsas göstəricilərdən biridir. Mart ayında teatrın 23 yaşı tamam olacaq. Rəhbərin əsas arzusu kollektivin 25 illik yubileyinə inamla çatmaq və seçilmiş missiyaya sadiqliyin, sabitliyin rəmzi kimi qeyd etməkdir.

“Uşaqların teatra gəlmələri məni xüsusilə sevindirir: bəzilərini valideynləri gətirir, amma şüurlu şəkildə özləri gələnlər də var. Üstəlik, bir çoxu teatrla birlikdə böyüyür: lap balaca yaşda gəlirlər, sonra müəyyən müddət ayrılırlar və illər sonra yenidən qayıdırlar. Məsələn, hazırda mənimlə məşğul olan bir qız var ki, artıq ali məktəbin dördüncü kursunda oxuyur. Bu isə onu göstərir ki, teatr sadəcə dərnək deyil, insanın özünüifadə, mənəviyyat və daxili inkişaf ehtiyacı ilə üz tutduğu bir məkana çevrilir”, – deyə həmsöhbətimiz vurğulayıb.

Uşaq auditoriyasına yönəlmiş peşəkar teatr mühitindən danışan Larisa Tarusova qeyd edib ki, ölkədə sistemli şəkildə fəaliyyət göstərən uşaq teatrlarının sayı hələ də kifayət qədər deyil.

“Bəli, ayrı-ayrı aktyor kursları, studiyalar mövcuddur və onların fəaliyyətinə görə minnətdarıq. Lakin uzun illər ərzində mövcud olan, davamlı repertuar və tərbiyə xətti aparan, intizamı və ənənəni qoruyan məhz uşaq teatrlarının sayı son dərəcə azdır”, – deyə L.Tarusova bildirib.

Rəhbərin sözlərinə görə, bu baxımdan “Günay” teatrı onilliklər ərzində sabitliyi və öz bədii-tərbiyəvi missiyasına sadiqliyi qoruyub saxlayan azsaylı kollektivlərdən biri olaraq qalır.

Repertuar məsələsinə toxunan həmsöhbətimiz vurğulayıb ki, yalnız müasir uşağın ani maraqlarına yönəlmək məzmunun qaçılmaz şəkildə sadələşməsinə gətirib çıxarır. Larisa Tarusovanın fikrincə, incəsənətə davamlı maraq formalaşdırılmalı və tərbiyə olunmalıdır: “Məhz buna görə də teatrda milli klassikaya, vətənpərvərlik mövzularına müraciət edilir. Bu, böyüyən nəslin tam mənəvi inkişafından danışmaq üçün zəruri olan mədəni təməli yaradır. Bununla yanaşı, konsert proqramlarında uşaqların öz təklifləri də nəzərə alınır”.

Həmsöhbətimizin qeyd etdiyinə görə, teatr üçün diqqətin mühüm göstəricilərindən biri də kollektivi səhnələrinə dəvət edən Milli İncəsənət Muzeyi ilə əməkdaşlıqdır. Təqdim olunan işlər sırasında “Qarabağ Azərbaycandır” kompozisiyası da yer alıb. Rejissorun sözlərinə görə, bu cür dəvətlər uşaq teatrının ciddi mədəni səviyyədə də tələbatlı ola biləcəyini təsdiqləyir, yetər ki, ona məkan verilsin.

Larisa Tarusova uşaq teatrının əsas problemi kimi diqqət və səhnə çatışmazlığını göstərib. Onun sözlərinə görə, kollektivlər çox vaxt səhnədə çıxış etmək imkanı əldə etmək üçün sözün əsl mənasında “mübarizə aparmalı” olurlar – razılaşmalar aparır, müraciətlər edir, resurslar axtarırlar. Bununla belə, o vurğulayıb ki, uşaqlar tərəfindən yüksək peşəkarlıqla hazırlanıb səhnələşdirilən bir çox tamaşalar mütəmadi olaraq məktəblərdə, ali təhsil müəssisələrində və müxtəlif mədəniyyət mərkəzlərində nümayiş etdirilə, auditoriyanı genişləndirə və teatrın tərbiyəvi rolunu gücləndirə bilər.

Eyni zamanda, rejissor Azərbaycan Teatr Xadimləri İttifaqına xüsusi təşəkkürünü bildirib. Onun sözlərinə görə, bu qurum real dəstək göstərən azsaylı strukturlardan biri olaraq kollektivə səhnə təqdim edir və yaradıcılıq fəallığının qorunmasına kömək edir.

Избранный
124
azertag.az

1Источники