RU

"Bu, Azərbaycan diplomatiyasının növbəti uğuru oldu" - Deputat

“Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülhün təmin olunması üçün fəal təşəbbüslərlə çıxış edir. Vətən müharibəsindən sonra yaranan reallıqlar ölkəmizin yalnız hərbi üstünlüyün deyil, həm də siyasi gücünün ifadəsidir. Azərbaycan Prezidenti İlham Əliyevin ardıcıl sülh təşəbbüsləri bölgədə uzun illərdir davam edən hərbi münaqişəni dayandırmaqla yanaşı, qarşılıqlı etimadın əsaslarını müəyyənləşdirir. Lakin Ermənistan sülhlə bağlı səmimi görünmür”.

Bunu "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Samir Vəliyev deyib.

Deputat bildirib ki, postmüharibə dövründə Azərbaycan qalib tərəf olmasına rəğmən, heç bir ilkin şərt irəli sürmədən, beynəlxalq prinsiplərdən çıxış etməklə sülh təşəbbüsünü irəli sürüb və daim sülh gündəliyinə dəyişməz sadiqlik nümayiş etdirib. Avqustun 8-də isə Vaşinqtonda, Ağ Evdə möhtəşəm bir tarix yazıldı. Ağ Evdə imzalanan sənədlər, ABŞ Prezidenti Donald Tramp tərəfindən dövlətimizin başçısına göstərilən xüsusi ehtiram Azərbaycan diplomatiyasının növbəti uğuru oldu. Azərbaycan dövləti və xalqı müharibə səhifəsini bağlamağın tərəfdarıdır. Rəsmi İrəvan da sülh tərəfdarı olduğunu bəyan edir. Lakin dekabrın 2-də Ermənistanla Avropa İttifaqı arasında imzalanmış sənəd bunun heç də belə olmadığını göstərir.  Yəni, Ermənistan sözdə sülh prosesinə sadiq olduğunu desə də, əməldə onu təsdiqləmir. Belə ki, İrəvanın bir çox addımları birmənalı qarşılana bilməz - Bakı ilə aparılan danışıqlarda, imzalanan sənədlərdə tamam fərqli rakurslardan yanaşma ortaya qoyan Ermənistan başqa qurumlarla müzakirələrdə tamam fərqli “tezislərə” söykənir. Bunun bariz nümunəsi Avropa İttifaqı və Ermənistan arasında imzalanmış “Avropa İttifaqı-Ermənistan Tərəfdaşlığı üçün Strateji Gündəlik” sənədidir.

Millət vəkilinin sözlərinə görə, bu sənəddə Azərbaycan üçün yolverilməz məqamlar əksini tapır. Sənəddə insanlıq əleyhinə cinayətlərdə, hərbi cinayətlərdə ittiham olunan və məhkum edilmiş erməniəsilli şəxslərin “əsir” statusunda qeyd olunması və onların azadlığa buraxılmasının ayrıca prioritet kimi müəyyənəşdirilməsi reallıqların ciddi şəkildə təhrif edilməsidir və qəbulolunmazdır. Artıq Azərbaycanın Xarici İşlər Nazirliyi məsələyə dövlətimizin mövqeyini ifadə edib.

Samir Vəliyev qeyd edib ki, Aİ-Ermənistan sənədində Ermənistanın regional konsensusdan məhrum olan “sülh kəsişməsi” təşəbbüsünü dəstəkləyən çoxsaylı müddəaların əks olunmasına baxmayaraq, 8 avqust Vaşinqton sammiti zamanı normallaşma prosesi çərçivəsində əldə edilmiş və mühüm əhəmiyyət daşıyan “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsinə bir dəfə də istinad edilməməsi ciddi narahatlıq doğurur. Bu hal Ermənistanın Vaşinqtonda Baş nazir tərəfindən imzalanmış TRIPP sazişi çərçivəsində öhdəlikləri icra etmək niyyətinin ciddiliyi və Aİ-nin bu layihəyə bəyan etdiyi dəstəyi barədə suallar yaradır. Halbuki, Ermənistan bu ilin avqustunda Vaşinqton şəhərində keçirilmiş üçtərəfli görüşün nəticələrinə dair Birgə Bəyannamənin 4-cü bəndində ərazisində “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) bağlantı layihəsi üçün çərçivənin müəyyən edilməsi məqsədilə Amerika Birləşmiş Ştatları və qarşılıqlı müəyyən edilmiş üçüncü tərəflər ilə əməkdaşlıq edəcəyini, bu məqsədə ən qısa zamanda nail olmaq üçün xoş niyyətlə səy göstərməyə dair qətiyyətini öz imzası ilə təsdiqləyib.  Paralel olaraq, Azərbaycanla birgə sülh sazişinin layihəsini paraflayıb. Ermənistan bundan sonrakı dövrdə atacağı addımları, aparacağı siyasəti və istiqamətləri sülh şəraitinə, sülh şərtlərinə, bölgənin gələcək inkişaf prioritetlərinə uyğunlaşdırmalıdır. Rəsmi İrəvan sülh prosesinə təhdid yaradacaq addımlar atmamalıdır.

“Aİ-Ermənistan sənədi Vaşinqton razılaşmalarına ziddir. Görünən odur ki,  Ermənistan sülh sazişinin imzalanmasını yenidən fərqli bəhanələrlə uzatmağa çalışır, ya da regionda hansısa yeni situasiyanın formalaşmasını “arzulayır”. Amma hər iki halda ziyan çəkən tərəf Ermənistan olacaq. Ona görə də, rəsmi İrəvan sülh prosesini pozacaq addımlardan çəkinməlidir”,-deyə deputat vurğulayıb.

Избранный
14
1
unikal.az

10Источники