Futbol üzrə Azərbaycan çempionatının (Premyer Liqa) 15-ci turunun “Qarabağ” – “Araz-Naxçıvan” oyunu tarixi yubileylə əlamətdar olub.
Arena.az bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir.
Bildirilir ki, Ağdam təmsilçisinin 5:1 hesablı qələbəyə sevindiyi bu qarşılaşma Azərbaycan çempionatları tarixinə yüksək dəstədə keçirilmiş 6000-ci matç kimi düşüb. Bu oyuna qədər 5999 görüşün nəticəsi turnir cədvəllərində əks olunmuşdu. 6000 matçdan 279-u tarixə texniki nəticə kimi düşüb.
1992-ci ildən keçirilən ölkə çempionatları həmin il mayın 3-də start götürüb. 34-cü mövsümü oynanılan turnirin ilk ikisi yaz-payız, sonradan payız-yaz sistemi ilə baş tutub. 2001/2002-ci və 2019/2020-ci illər mövsümləri yarımçıq dayandırılıb.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasının 2025/2026-cı illər mövsümünün geridə qalmış hissəsində 86 oyun keçirilib və onlardan biri texniki nəticə kimi tarixə düşüb.
