Nizami rayonu, Şirin Mirzəyev küçəsində yerləşən köhnə yaşayış binası bir neçə il əvvəl sökülüb və sakinlərə söz verilib ki, yeni tikilən binada hər birinə mənzil veriləcək. Lakin nə vəd edilən mənzillər verilib, nə də tikinti başa çatdırılıb.
Sakinlərin sözlərinə görə, layihəni həyata keçirməli olan "Vesta Construction" MMC illərlə prosesi uzadır. Tikili 10 ilə yaxındır ki, yarımçıq vəziyyətdə qalıb. Köçürülmüş sakinlər hazırda kirayələrdə yaşayırlar.
Bununla yanaşı, tikinti şirkətinin yeni binadakı mənzilləri həm əvvəlki sakinlərə vəd etməsi, həm də öncədən pul ödəyən yeni alıcılara satması ciddi narazılığa səbəb olub. Eyni mənzilin bir neçə nəfərə satıldığı iddia edilir.
"Qızım 115 min manat nağd pul verib evi alıb. İndi məlum oldu ki, 2025-ci ildə həmin ev başqasına da satılıb", - vətəndaşlardan biri deyib.
Şikayətçilər deyirlər ki, məsələ ilə bağlı Nizami Rayon İcra Hakimiyyətinə dəfələrlə müraciət etsələr də, heç bir real tədbir görülməyib. Nizami Rayon İcra Hakimiyyətindən bildirilib ki, qeyd olunan məsələ artıq uzun illərdir mövcuddur.