Ermənistanın daxili transformasiyası üçün xüsusi rol oynayan başqa bir amil isə kilsənin uzun illər ərzində apardığı siyasi-ideoloji fəaliyyətin xarakteridir. Ermənistan Apostol Kilsəsi bir çox hallarda dini institut kimi deyil, siyasi-ideoloji aktor kimi çıxış edib və cəmiyyətdə düşmənçilik, etnik qarşıdurma və dini ədavəti qızışdıran mövqelər sərgiləyib. Bu fəaliyyət yalnız regional münasibətlərə zərbə vurmayıb, eyni zamanda Ermənistanın öz içində də modernləşmə prosesini əngəlləyib. Kilsənin bu istiqamətdəki təsirinin məhdudlaşdırılması Paşinyanın planlaşdırdığı islahatların uğur qazanması üçün həyati əhəmiyyət daşıyır. Əks halda, cəmiyyətin müəyyən hissələri yenə radikal təsəvvürlərin orbitində qalacaq və dövlətçiliyin yenilənməsi mümkün olmayacaq.
İdeoloji çərçivənin yenilənməsi Konstitusiyaya da toxunmağı tələb edir. Ərazi iddialarına işarə edən müddəalar yerində qaldıqca, istənilən sülh gündəliyinin etibarlılığı sorğulanacaq. Əsas qanunda dəyişiklik aparılması Ermənistanın yeni reallığı qəbul etdiyini təsdiqləyən ən vacib addımlardandır. Bu dəyişiklik həm Ermənistanın öz dövlətçilik konsepsiyasını müasirləşdirəcək, həm də Paşinyanın bəyanatlarının praktiki qarşılığını göstərəcək.
Bəzi Avropa strukturları ilə imzalanan sənədlərdə Qarabağı tərk etmiş ermənilərin geri qaytarılması mövzusunun dolayı şəkildə də olsa gündəmə gətirilməsi də sülh prosesinə mənfi təsir göstərir. Bu, cəmiyyətdə real əsası olmayan ümidlər yaradır və müəyyən qruplara siyasi manipulyasiya üçün əlavə imkan verir. Azərbaycan XİN-in bu yanaşmaya verdiyi reaksiyanın mahiyyəti də məhz budur - region artıq yeni mərhələyə qədəm qoyub və köhnə siyasi təsəvvürlər əsasında konstruktiv dialoq aparmaq mümkün deyil.
Hazırki şəraitdə Ermənistan qarşısında konkret seçim dayanır: ya keçmişdə formalaşmış təsəvvürlərə bağlı qalmaqla daimi gərginlik mühitini davam etdirmək, ya da siyasi, hüquqi və ictimai sahələrdə yeni yanaşmanı formalaşdıraraq sülhə real imkan yaratmaq. Bu seçim, hər şeydən əvvəl, Ermənistanın öz təhlükəsizliyi, iqtisadi inkişafı və dövlətçilik perspektivi üçün həlledici əhəmiyyət daşıyır.
Paşinyanın son bəyanatları müəyyən istiqamət göstərir, amma hələ ki bu, siyasi dəyişikliyin təsdiqi deyil. Siyasi kursu sözlər yox, addımlar formalaşdırır. "Artsax" kimi terminlərdən imtina, separatçı strukturların tam ləğvi və kilsənin radikal ritorikasına son qoyulması Ermənistan üçün təkcə sülhün deyil, ümumiyyətlə, müasir dövlətçiliyin əsas şərtləridir. Bu addımlar atılarsa, regionda yeni dayanıqlı sabitlik dövrü başlaya bilər. Atılmasa, həm sülh prosesi, həm də Ermənistanın öz daxili inkişaf perspektivləri yenə qeyri-müəyyənlikdə qalacaq.
Əliməmməd Nuriyev
Konstitusiya Araşdırmalar Fondunun rəhbəri
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31