"Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" çərçivəsində Bərdə Dövlət Peşə Təhsil Mərkəzində qısamüddətli təlimləri uğurla başa vuran müdavimlərlə görüş keçirilib.
Tədbirdə aqronom-texnik, frezerçi, tornaçı, bağban dekorator, genişprofilli traktorçu, maşinist, təmirçi çilingər, kənd təsərrüfatı maşın və avadanlıqları üzrə çilingər, rəqəmli idarə olunan dəzgahların operatoru və baytar köməkçisi ixtisasları üzrə təlimləri uğurla başa vurmuş 95 müdavimə əmək fəaliyyətinə başlamağa imkan verən sertifikatlar təqdim olunub.
Bərdə Dövlət Peşə Təhsil Mərkəzində aqronom-texnik, baytar köməkçisi, elektrik-qaz qaynaqçısı, kənd təsərrüfatı maşın və avadanlıqlarının təmiri üzrə çilingər, mühasib, bağban dekorator, mebel ustası, frezerçi, tornaçı, rəqəmli və proqramla idarə olunan dəzgahların operatoru, kibertəhlükəsizlik üzrə mütəxəssis və digər ixtisaslar üzrə qısamüddətli təlimlər keçirilir. Cari ildə Bərdə şəhərində məskunlaşan 301 nəfər məcburi köçkün bu təlimlərə cəlb edilib. Təlimlərin müddəti təlim proqramlarının tələblərinə uyğun olaraq 1 aydan 3 ayadəkdir.
Proqramları nəzəri biliklərin və praktik bacarıqların inteqrasiyası əsasında hazırlanmış təlimlərin əsas məqsədi Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərə qayıdan əhalinin kvalifikasiyalarının artırılması yolu ilə davamlı məşğulluğunun təmin olunmasıdır.
Lazım QULİYEV,
"Azərbaycan"