RU

Ermənistan AB ilə Aİİ arasında, Rusiya çarəsiz durumda qalıb... Overçuk yenə danışdı...


Qulamhüseyn Əlibəyli: “Ticarət dövriyyəsinin azalmasında həm siyasi, həm də iqtisadi səbəblər var”

Ermənistan nə vaxtsa Avropa İttifaqı və Avrasiya İqtisadi İttifaqı (Aİİ) arasında seçim etməli olacaq. Bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, hər iki ittifaqda eyni vaxtda qalmaq mümkün deyil. O deyib ki, ümumilikdə Ermənistan və Rusiya arasında yaxşı münasibətlər var, lakin 2025-ci ildə ölkələr arasında ticarət əhəmiyyətli dərəcədə azalıb: "Bu il biz Ermənistanla iqtisadi ticarətin azalmasının şahidi olduq. Keçən il ölkələrimiz arasında ticarət dövriyyəsi 12,4 milyard dollar təşkil edib. Bu il yəqin ki, təxminən 6 milyard dollar təşkil edəcək. Bu çox nəzərəçarpan azalmadır".

Burda maraqlı olan məqam odur ki, Overçuk Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsinin iki dəfə azalmasının səbəbləri barədə bir kəlmə belə danışmayıb. Halbuki, kifayət qədər böyük rəqəmdən söhbət gedir. Maraqlıdır, əslində Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi niyə belə sürətlə azalıb?

“Sanksiyalara görə Ermənistanla Rusiya arasında ticarət dövriyyəsi süni olaraq dəfələrlə artdı”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən sabiq millət vəkili, hüquqşünas Qulamhüseyn Əlibəylinin fikrincə, Ermənistanla Rusiya arasında ticarət dövriyyəsinin azalması bir neçə səbəblə əlaqəli ola bilər: “Burada həm siyasi, həm də iqtisadi səbəblər var. Onlardan birini Overçuk təxminən söyləyib. Ermənistan eyni zamanda həm Avropa ittifaqı ilə əməkdaşlıq etmək istəyir, bu qurumun üzvü olmaq istəyir, həm də Aİİ-nin üzvü olaraq qalmaq və bu qurumdan faydalanmaq istəyir. Bu qurumlar isə bir-biri ilə rəqabət aparan qurumlardır. Həm siyasi, həm də iqtisadi cəhətdən rəqabət aparan qurumlardır. Biri Qərbin maraqlarını təmsil edir, digəri isə Rusiyanın. Təbii ki, Ermənistan eyni vaxtda bu qurumlarda təmsil oluna bilməz. Mütləq Aİ-də təmsil olunmaqla bağlı hansısa addımlar atmaq lazımdır. Onlardan biri də Rusiya ilə ticarət dövriyyəsini azaltmaqdır. Ermənistana lazım olan malların bir hissəsi artıq Aİ ölkələrindən idxal edilir. Bu səbəbdən Rusiyaya əvvəlki ehtiyac qalmır. İkincisi, hesab edirəm ki, bu, silah satışı ilə bağlı olan məsələdir. Məsələ ondadır ki, Ermənistan uzun müddət Rusiya silahlarını alırdı və onların da dövriyyəsi böyük idi. Artıq Ermənistan Rusiyadan silah alışını əhəmiyyətli dərəcədə azaldıb. Tədricən Rusiya silahlarından imtina edib Fransadan, Hindistandan və digər ölkələrdən silah alır. Bu da istər-istəməz ticarət dövriyyəsinin azalmasına öz təsirini göstərir. Üçüncüsü, sanksiyalar səbəbindən ola bilər. Məsələ ondadır ki, Rusiya Ukraynaya qarşı müharibəyə başladıqdan sonra Qərbin sanksiyalarına məruz qaldı. Rusiya sanksiyalardan yayınmaq üçün Ermənistandan bir vasitə kimi istifadə etdi. Xarici texnologiyaları Ermənistan vasitəsi ilə əldə etdi. Rusiyanın İT şirkətləri fəaliyyətlərini İrəvanda qurdular. Bütün bunlar Ermənistanla Rusiya arasında ticarət dövriyyəsini süni olaraq dəfələrlə artırdı. Görünür, bu imkanlar indi ya məhdudlaşdırılıb, ya da Rusiya başqa alternativlər tapıb. Burda Qərbin də Ermənistana gizli təzyiqlərinin rolu ola bilər. Çünki Ermənistanın sanksiyadan yayınmada oynadığı rol bir müddət ciddi müzakirələrə səbəb oldu. Söhbət bununla bağlı xarici mətbuatda yayılan məlumatlardan gedir. Bir sözlə, bu və digər səbəblərdən Ermənistanla Rusiya arasında ticarət dövriyyəsi bir ildə iki dəfə azalıb”.

Vidadi ORDAHALLI

Избранный
27
baki-xeber.com

1Источники