Vyana, 12 dekabr, AZƏRTAC
Azərbaycanın Slovakiyadakı səfirliyi Bratislava şəhərində Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirib.
AZƏRTAC xəbər verir ki, tədbirdə iştirak edən Bratislavada akkreditə olunmuş Türkiyə, Qazaxıstan və Gürcüstan səfirləri, Azərbaycanın Slovakiyadakı fəxri konsulu və Slovakiyada yaşayan həmvətənlərimiz səfirlikdə Heydər Əliyevin büstü önünə əklil və gül dəstələri düzüb, əziz xatirəsini ehtiramla yad ediblər.
Mərasimdə çıxış edən ölkəmizin Slovakiyadakı səfiri Vüsal Abdullayev Ümummilli Lider Heydər Əliyevin ölkəmizi mürəkkəb və taleyüklü sınaqlardan uğurla çıxardığını və xalqın yaddaşı və qəlbində əbədi olaraq yaşayacağını vurğulayıb.
Daha sonra səfir V.Abdullayev Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti barədə geniş məlumat verib. Ümummilli Liderin həm Sovet İttifaqı, həm də müstəqil Azərbaycan Respublikası dövründə fəaliyyəti, xüsusilə də siyasi xadim kimi böyük xidmətləri ilə Azərbaycan tarixində xüsusi bir yerə malik olduğunu qeyd edən V.Abdullayev 15 iyun 1993-cü il tarixinin milli qurtuluşa aparan yolun başlanğıcı olduğunu söyləyib.
Daha sonra Türkiyə Respublikasının Slovakiyadakı səfiri, Vətən müharibəsi dövründə ölkəmizdə səfir olmuş Erkan Özoral Ümummilli Lider Heydər Əliyevin Azərbaycan-Türkiyə qardaşlığının daha da möhkəmlənməsinə verdiyi töhfədən danışıb.
Tədbir əsnasında Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş “Əbədiyyətin ilk əsri. Heydər Əliyev 100” filmi nümayiş etdirilib.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana