Hərbi Prokurorluqda hərbi təhsil müəssisələrinin rəhbərlərinin və kursantlarının iştirakı ilə Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan anım tədbiri keçirilib.
Bu barədə XQ-yə Hərbi Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, tədbirin əvvəlində Hərbi Prokurorluğun rəhbərliyi və tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyub, dünyaşöhrətli siyasətçinin əziz xatirəsini dərin ehtiramla yad edib.
Azərbaycanın Baş prokurorunun müavini – Hərbi prokuror Bəhruz Əhmədov çıxış edərək dövlət müstəqilliyimizin banisi, müasir Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin öz siyasi dühası ilə xalqımızın taleyində silinməz izlər qoymasından, onun Azərbaycana rəhbərlik illərində həyatın bütün sahələrinin intibah dövrünü yaşamasından danışıb.
Dahi Liderin bütün həyatını doğma xalqına həsr etməsi, bütün dövrlərdə Azərbaycanın inkişafı üçün böyük fədakarlıqlar göstərməsi, milli maraqların müdafiəsi üçün öz həyatını təhlükəyə atması xüsusi qeyd olunub. 1990-cı illərdə Azərbaycanın öz müstəqilliyini itirmək təhlükəsi ilə üzləşdiyi dövrdə xalq tərəfindən Ulu Öndər Heydər Əliyevin təkidlə hakimiyyətə dəvət edilməsi, qısa vaxtda vətəndaş müharibəsinin qarşısını alması, ölkənin suverenliyinə təhdid yaradan qanunsuz silahlı birləşmələrin ləğv olunmasını təmin etməsi, Ermənistanın Azərbaycana hərbi təcavüzünün dayandırılması və ordu quruculuğuna start verilməsi, güclü Azərbaycanın qurulması istiqamətində zəruri siyasi, hərbi, iqtisadi islahatlara başlanılması əyani misallarla tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Ulu Öndərin 1971-ci ildə sovet totalitarizminin çətinliklərinə baxmayaraq, Azərbaycan tarixində ilk dəfə Cəmşid Naxçıvanski adına hərbi liseyi yaratması, bununla da Azərbaycanın hərbi gələcəyinin əsasını qoyması, bu məktəbin məzunları və onların davamçılarının Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində müstəsna igidlik və qəhrəmanlıq nümunələri göstərməsi ayrıca vurğulanıb.
Tədbirdə iştirak edən Müdafiə Nazirliyinin Milli Müdafiə Universiteti, Dövlət Sərhəd Xidməti Akademiyası və Daxili Qoşunların Hərbi İnstitutunun rəhbər heyəti öz çıxışlarında Ulu Öndərin Azərbaycanda dövlətçiliyin əsaslarını yaratması, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu prosesinin təməlini qoyması, onun həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın iqtisadi, hərbi və mədəni yüksəliş yolunu tutması, uğurlu xarici siyasət kursu barədə geniş məlumat verilib, ordu quruculuğu sahəsində milli siyasəti müəyyən etməsi və milli hərbi kadrların yetirişdirilməsi, ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi istiqamətində gördüyü misilsiz xidmətləri qeyd edilib.
O da bildirilib ki, Azərbaycanın Vətən müharibəsindəki tarixi Qələbəsi ölkəmizin regional və qlobal mövqeyini daha da möhkəmləndirib, Azərbaycanı dünyada söz və nüfuz sahibinə çevirib. Bu gün azad olunmuş torpaqlarımızda geniş bərpa və quruculuq işləri aparan dövlətimiz dünyaya sülh mesajı verir, mütərrəqqi dəyərləri təbliğ edir, regional və qlobal təşəbbüsləri dəstəkləyir və həyata keçirir.
Kursantları öz çıxışlarında Ulu Öndərin əsasını qoyduğu təhsil müəssisələrində təhsil almaqdan qürur hissi keçirdiklərini bildirib, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə sədaqətlə xidmət edəcəklərinə söz veriblər.
Tədbirin sonunda “Əsrin adamı” sənədli filmi nümayiş etdirilib.