RU

DABF-ın da dəstəklədiyi VIII Beynəlxalq Ukrayna-Azərbaycan Dostluq Vokal Müsabiqəsi keçirilib

27–29 noyabr 2025-ci il tarixlərində Ukraynanın Truskavets şəhərində VIII Beynəlxalq Ukrayna-Azərbaycan Dostluq Vokal Müsabiqəsi baş tutub. Tədbir Kiyevdəki Azərbaycan səfirliyinin, Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyevin, Dünya Azərbaycanlıları Beynəlxalq Fondunun, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadovun, eləcə də Azərbaycanın xalq yazıçısı Elmira Axundovanın dəstəyi ilə keçirilib.

Müsabiqənin əsas məqsədi həm opera, həm də estrada janrlarında yüksək peşəkarlıq səviyyəsində ifa bacarığı olan vokalçıları Ukrayna musiqi ictimaiyyətinə və beynəlxalq səhnəyə təqdim etməkdir. Seçmə mərhələlər üç hissədən ibarət olub: akademik (opera) repertuarının ifası, Ukrayna xalq mahnısı və estrada əsəri.

Yarışmada 18-40 yaş aralığında olan, ixtisaslaşmış musiqi təhsili almış peşəkar vokalçılar, həmçinin musiqi universitetləri və kolleclərinin tələbələri iştirak ediblər.
İfaçılar Rivne, Droqobiç, Poltava, Lvov, Kiyev və Xarkov şəhərlərini təmsil ediblər. Ölkənin demək olar ki, bütün aparıcı vokal məktəbləri - Kiyev, Lvov, Odessa və Xarkov müsabiqədə yer alıb. İştirakçıların səyahət xərcləri istisna olmaqla, digər bütün xərclər təşkilat komitəsi tərəfindən qarşılanıb və qeydiyyat haqqı tutulmayıb.

Münsiflər heyətinin qərarına əsasən, birinci yerə Vadim Xumennı, ikinci yeri Darya Poqorila və Nikolay Yuximenko, üçüncü yeri isə Anastasiya Yantsur və Artem Pozdnyakov bölüşüblər. Xüsusi baş mükafat Karnegi Hollda çıxış imkanı Ukraynanın BMT-dəki Qadın Nümayəndə heyətinin üzvü, prodüser və ictimai xadim İrina Samsonenko tərəfindən Darya Poqorilaya təqdim edilib.

Müsabiqə Müslüm Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzi (Qurban Abbasov və Nataliya Kudryaşova) və Truskavets Şəhər Şurası (mer Andrey Kulçinski) tərəfindən təşkil olunub.

Xatırladaq ki, tədbir 2018-2021-ci illərdə keçirilən və 2022-ci ildən etibarən yeni ad altında təşkil olunan Müslüm Maqomayev Xatirə Müsabiqəsinin davamıdır. Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra müsabiqə yenidən formatlaşdırılaraq hazırkı konsepsiya üzrə keçirilməyə başlanıb.

2022-ci ildən etibarən müsabiqə xeyriyyə missiyası daşıyır və qaliblərin pul mükafatları Ukrayna Silahlı Qüvvələrinin hərbçilərinə ianə edilir. Bu il də müsabiqə çərçivəsində xüsusi xeyriyyə tədbiri təşkil olunub.




Xəbər 6 dəfə oxunub.
Избранный
4
2
xezernews.az

3Источники