Rusiyanın Ukraynaya müdaxiləsinin başlanğıcından bəri müharibədə 155.368 rus əsgəri həlak olub.
Publika.az xəbər verir ki, “Mediazona” və BBC rus xidmətinin jurnalistləri hesablamalarını açıq mənbəli məlumatlara əsaslanaraq aparıblar.
Adları müəyyən edilən ölənlərin üçdə biri könüllülərdir. Jurnalistlər qeyd edirlər ki, cəmi bir il əvvəl bu kateqoriyadan olan insanlar ölümlərin yalnız 15%-ni təşkil edirdi.
Nekroloqlara və qohumlarının ifadələrinə əsasən belə bir nəticəyə gəlmək olar ki, 2022-ci ildən sonra müqavilə imzalayanların əksəriyyəti bunu könüllü şəkildə edib və bu şəxslər müharibədən əvvəl çox vaxt ordu ilə əlaqəsi olmayıblar. Bununla belə, insanların hərbi müqavilələr imzalamağa məcbur edilməsi ilə bağlı çoxsaylı hallar məlumdur.
BBC mənbələrinin məlumatına görə, Rusiya ordusu ilə müqavilələr imzalayanlara iki həftəlik təlim poliqonunda təlim, daha sonra isə cəbhəyə göndərilməzdən əvvəl arxa cəbhədə üç aylıq koordinasiya vəd edilib. Lakin əslində təlim, poliqonda iki günlük atəş məşqindən ibarət olub.